Ekologiya ilə bağlı dərslərin tədrisinə ehtiyac varmı? - Araşdırma

20:07 | 07.06.2024
Ekologiya ilə bağlı dərslərin tədrisinə ehtiyac varmı? - Araşdırma

Ekologiya ilə bağlı dərslərin tədrisinə ehtiyac varmı? - Araşdırma

Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım məktəb dərsliklərində ekologiyanın tədrisi, vəsaitlərin hazırlanması, layihələrin icrası, müəllimlərin hazırlıqlı olması, təlim və seminarların keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, Milli Məclisin 2002-ci ildə qəbul etdiyi "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanununda ekoloji biliklərin icbariliyinin vacibliyi adlı bənd yer alıb.
 
Ekologiya ilə bağlı dərslər məktəblərdə icbari qaydada tədris edilməlidirmi?
 
Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirib ki, kiçik yaşlardan uşaqlarda ekoloji şüur anlayışı formalaşdırılmalıdır.
 
"İndi bütün dünyada ekoloji şüur anlayışı işlədilir. Ekoloji şüur anlayışı uşaqlıqdan formalaşmalıdır. Bunun üçün də tədris çox vacibdir. Burada böyüklərin də uşaqlarda ekoloji şüurun formalaşmasında müəyyən rolu olmalıdır.  Ekologiya inteqral elmdir. Yəni ekologiyaya bir çox elmlər – kimya, biologiya, etika, insan psixologiyası daxildir. İnteqral elm olduğuna görə, orta məktəblərdə əgər tədris ediləcəksə, o qədər sadə yazılmalı, elmlər arasında fənlərarası yanaşma üstünlük təşkil etməlidir ki, uşaqlar bu fənni mənimsəməklə onu elm kimi bütövləşdirən fənləri də qavraya bilsinlər",  -  Əliyev bildirib.  
 
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, ekologiya ilə bağlı əlavə fənnin tədris olunmasına ehtiyac yoxdur.
 
"Ekologiya, ekoloji böhran, o cümlədən digər məsələlərlə bağlı ibtidai təhsil pilləsində Həyat bilgisi dərsliyində qismən də olsa informasiya verilir. Təbiət fənləri çərçivəsində də şagirdlər bu barədə məlumat alırr. Ayrıca fənn kimi bunun tədrisinə ehtiyac yoxdur, çünki təbiət fənlərinin daxilində ekoloji problemlərlə bağlı, bunun yaranması, ekologiyanın qorunması və s. mövzulara toxunulur. Xüsusi olaraq biologiya fənnində, coğrafiya, fizika və kimya fənnlərində də müəyyən bölmələr var ki, onların yaranma səbəbləri, ekoloji böhran vəziyyətinin bəşəriyyətə, planetə hansı mənfi təsirləri ola bilərsə, bunun barəsində kifayət qədər məlumat verilir. Əlavə dərslik kimi yox, müəyyən seminarların, təlimlərin, konfransların keçirilməsi daha məqsədəuyğun olar ki , elmi-kütləvi bir tədbir kimi şagirdlər konkret olaraq bu istiqamətə fokuslana bilsinlər. Bütün məktəbdə təhsil alanlara bu barədə məlumat verilməsi, o cümlədən auditoriyalarda məhz ekologiyanın qorunması ilə bağlı, ekoloji böhranın yaratdığı fəsadlarla bağlı müəyyən posterlər, bannerlərin yerləşdirilməsi daha məqsədəuyğun ola bilər”, - Əfəndi vurğulayıb.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, ekologiya ilə bağlı ayrıca fənnin tədris edilməsi uğurlu addım ola bilər
 
"Əvvəllər ekologiya adlı fənn var idi, indi isə yoxdur. Bu fənn fakültətiv olaraq keçirilirdi. Bizim bildiyimiz icbari fənlər kimi deyildi. Sonradan bu aradan götürüldü, fakültətiv olaraq da çox qalmadı. Ekologiya adlı fənnin həftədə bir dəfə ayrıca keçirilməsinin çox faydası ola bilər. Bu fakültətiv fənn statusundan çıxmalı ənənəvi fənn kimi tədris edilməlidir. Hazırda bu yalnız "Həyat bilgisi" fənnində yığcamlaşdırılıb. Britaniya təhsil metodunda bir çox fənlər (biologiya, coğrafiya, kimya, fizika) bir fənn altında şagirdlərə keçirilir. Bizdə bir çox sahələr "Həyat bilgisi" fənnin tərkibinə verilib. Xüsusən indiki dövrdə bir çox istiqamətlər (süni intellekt, ekologiya və ətraf mühitin mühafizəsi, IT və robotexnologiya bacarıqları) var ki, onlar "həyat bilgisi" tərkibində deyil müstəqil fənn kimi keçirilməlidir”, - Nuri qeyd edib.
 
Elm və Təhsil Nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblilərin ekoloji maarifləndirilməsi həyat bilgisi, biologiya, coğrafiya, kimya kimi fənlərin kurikulumunda nəzərdə tutulur.
 
"Tədris dili, xarici dil fənlərinin tədrisində istifadə edilən informativ mətnlərin bir hissəsi bu tipli aktual problemləri əks etdirir.

Bununla yanaşı ümumi təhsil müəssisələrində həftəlik, aylıq ekoloji layihələr həyata keçirilir, tədbirlər təşkil edilir.  BMT-nin 2015-ci ildə qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin şagirdlər arasında təbliğinə həsr edilib, beynəlxalq metodistlər qrupu tərəfindən hazırlanmış nümunəvi dərs planları Azərbaycan dilinə tərcümə edilib və istifadə üçün www.trims.edu.az   portalına yerləşdirilib: 
 
 
Digər bir vəsait: "Plastik – qlobal problemlə mübarizə” adlanır:  https://www.trims.edu.az/noduploads/book/plastik-qlobal-problemla-mubariza.pdf

Burada həmçinin mövzuya həsr edilmiş 6 öyrədici videoçarx var:

https://www.trims.edu.az/site/search.php?search=ok&category_id=c-9

Dərslər həm müvafiq fənnin tərkibində, həm də sinif saatlarında fənn müəllimi, sinif rəhbəri, dəvət olunmuş mütəxəssis tərəfindən keçirilə bilər", - cavabda qeyd olunub.
 
İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 
 
Aygün Mirakif
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM