Birinci rübdə Avropaya ixrac edilən qazın həcmi açıqlanıb

2025-ci ilin yanvar-martında ölkədə neft-kondensat hasilatı 6,9 milyon ton, ixraca nəql edilən həcmlər isə 5,7 milyon ton olub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.
“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub. Ötən ay 12,6 mlrd. kubmetr qaz hasil edilib. 6 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda bildirilib.
Cari ilin yanvar-martında təxminən Avropaya 3 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,4 milyard kubmetr qaz nəql edilib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb.
Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 