AÇG ilə "Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin aprelin 1-dək 655,2 milyon tona yaxın neft (kondensatla birlikdə), 476,8 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyindən bildiriib.
AÇG-dən 605,6 milyon ton neft, 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,6 milyon tona yaxın kondensat, 243,6 milyard kubmetr qaz çıxarılıb.
Qeyd olunan yataqlardan istismara veriləndən 1 aprel 2025-ci il tarixinədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.
“Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb”, - hesabatda açıqlanıb.
Hesabata əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,4 milyard kubmetri AÇG-nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
“Hesabat dövründə xaricə qaz satışı 6 milyard kubmetr təşkil edib. Bundan 3 milyard kubmetr Avropaya, 2,3 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,4 milyard kubmetr), 0,7 milyard kubmetr isə Gürcüstana satılıb”, - məlumatda bildirilir.
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub.
Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
182 kilometr uzunluğa malik olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı proqnozlaşdırılır.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.
Aytac
Son xəbərlər
Daha çox 