AÇG-də gündəlik hasilat 331 min barrelə çatıb

2025-ci ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında gündəlik orta hasilat 331 000 barrel, ümumi hasilat isə 30 milyon barrel və ya təxminən 4 milyon ton təşkil edib. Bu barədə BP şirkətinin AÇG üzrə rüblük fəaliyyəti barədə məlumatında deyilir.
Hasilat Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından həyata keçirilib.
Rüb ərzində AÇG üzrə əməliyyat xərcləri 115 milyon dollar, əsaslı məsrəflər isə 251 milyon dollar olub.
Hazırda AÇG-də ümumilikdə 145 neft hasilatı, 44 su injektoru və 8 qaz injektoru quyusu istismardadır.
BP bildirir ki, 2024-cü ildə başlanmış 4-ölçülü yüksək dəqiqlikli seysmik tədqiqat proqramının ikinci mərhələsi üzrə məlumat toplama işlərinə 2025-ci ilin mayında start veriləcək. Bu müddətdə 2024-cü ilin məlumatlarının emalı davam edir.
2025-ci il fevralın 18-də Mərkəzi Azəri platformasından ilk neftin əldə olunmasının 20 illiyi qeyd olunub. Bu müddət ərzində platformadan 1,1 milyard barrel (152 milyon ton) neft hasil olunub.
AÇG üzrə “Hasilatın Pay Bölgüsü haqqında Saziş”in podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator funksiyasını yerinə yetirir.
Layihədəki iştirak payları belədir:
SOCAR – 31,65%
bp – 30,37%
MOL – 9,57%
INPEX – 9,31%
ExxonMobil – 6,79%
TPAO – 5,73%
ITOCHU – 3,65%
ONGC Videsh – 2,92%
N.Təbrizli