KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir

Qazaxıstan Fond Birjasında (KASE) korporativ istiqrazlar bazarında aktiv artım müşahidə olunur. 2025-ci ilin ilk dörd ayı ərzində kvasidövlət şirkətləri, banklar və mikromaliyyə təşkilatları tərəfindən həyata keçirilən yerləşdirmələrin ümumi həcmi 820 milyard təngəni ötüb.
Kvasidövlət sektoru üzrə istiqrazların illik gəlirliliyi 14,69%-dən 18%-ə qədər dəyişib, müddətlər isə 6 aydan 2 ilə qədər olub. Bank sektorunda ümumi yerləşdirmə həcmi 81,5 milyard təngə, mikromaliyyə təşkilatları üzrə isə 55,5 milyard təngə təşkil edib.
Fondun məlumatına görə, 1 may 2025-ci il tarixinə rəsmi siyahıda 31 mikromaliyyə təşkilatının 111 istiqraz buraxılışı yer alır. Bu istiqrazlar illik 10%-dən 24%-ə qədər gəlirliliklə təklif olunur. ABŞ dolları ilə illik 10% gəlirliliklə buraxılışlar da qeydə alınıb. Hal-hazırda istiqrazlar tenge, ABŞ dolları və yuan ilə yerləşdirilə bilər, yaxın zamanda dirhəmlə də yerləşdirmələrin mümkün olacağı bildirilir.
Korporativ istiqrazlara olan tələbin böyük hissəsi fiziki şəxslərin payına düşür. Ekspertlərin fikrincə, bu istiqrazlar bank depozitlərinə alternativ kimi investorlar üçün cəlbedicidir.
Eyni zamanda, KASE vasitəsilə dövlətin dəstəklədiyi sahibkarlığın inkişafı proqramı çərçivəsində subsidiyalı istiqraz yerləşdirmələri həyata keçirilir. Bu proqram çərçivəsində 9 istiqraz buraxılışı reallaşıb, ümumi yerləşdirilən məbləğ 32,7 milyon dollar olub. Emissiya edən şirkətlər üçün faiz dərəcəsi 6%, investorlar üçün isə baza dərəcə +5% müəyyən olunub. Fərq dövlət tərəfindən subsidiya olunur.
Qazaxıstan Fond Birjası həmçinin ESG mədəniyyətinin yayılmasında fəal rol oynayır. Bu istiqamətdə ölkədə maarifləndirmə tədbirləri keçirilir və şirkətlər sosial, ekoloji və korporativ idarəetmə prinsiplərinə əsaslanan maliyyə alətləri təqdim edir. Bu günə qədər KASE-də 1,62 milyard dollarlıq 34 ESG istiqraz buraxılışı reallaşıb.
N.Təbrizli