Keçən il vergi borclarının həcmi 350 milyon manata yaxın artıb

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabatlara əsasən, 2024-cü ilin sonuna dövlət büdcəsinə olan borcların (qalıqların) həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 344,9 mln. manat və ya 12,2% artaraq 3169,3 mln. manat təşkil edib.
Bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, bu artım vergi ödəyicilərinin vergi öhdəliklərinin azaldılmış məbləğlərinin 11030,7 mln. manat təşkil etməsi şəraitində baş verib.
2024-cü ildə dövlət büdcəsinə yaranmış 3169,3 mln. manat borcun 4,6 mln. manatı və ya 0,1%-i neft-qaz, 3164,6 mln. manatı və ya 99,9%-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə, müvafiq olaraq, 0,1 mln. manat və ya 2,2% və 344,7 mln. manat və ya 12,2% artıb.
Eyni zamanda bildirilib ki, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərindən hüquqi şəxslərin borcları 310,3 mln. manat və ya 17,6% artaraq 2071,4 mln. manat, sahibkarlıqla məşğul olan fiziki şəxslərin borcları isə 30,5 mln. manat və ya 4,6% azalaraq 638,8 mln. manat təşkil etmişdir. 2023-cü ildə müşahidə edilən tendensiya 2024-cü ildə də davam etmiş, dövlət büdcəsinə olan vergi borclarının artımı əsasən qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən, xüsusi mülkiyyət formasına malik vergi ödəyiciləri üzrə qeydə alınıb.
Təhlillər göstərir ki, dövlət büdcəsinə olan borcların məbləğinin əvvəlki illə müqayisədə artımı tədiyə növləri üzrə xüsusilə ƏDV, hüquqi şəxslərin mənfəət vergisi, əmlak vergisi, dövlət rüsumu və sair daxilolmalar üzrə hesablanmış vergi öhdəliklərinin müəyyən edilmiş müddətlərdə tam və vaxtında yerinə yetirilməməsi ilə əlaqələndirilə bilər. Eyni zamanda, vergi orqanının məlumatına əsasən 2024-cü ildə yaranmış borc məbləğlərinin 53,5%-i ƏDV-nin payına düşüb.
Son xəbərlər
Daha çox 