• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

900 milyonluq investisiya sual altında -Baku Steel-in “dəmir razılaşması” təhlükədədir

900 milyonluq investisiya sual altında -Baku Steel-in “dəmir razılaşması” təhlükədədir
29.05.2025 07:41

Avropanın nəhəng metallurgiya müəssisələrindən biri olan Ilva Steel zavodunda baş vermiş texniki nasazlıq və ardınca yaşanan yanğın, Azərbaycan tarixində ən iri sənaye investisiya layihəsini sarsıdıb. Baku Steel Company və Azerbaijan Investment Company tərəfindən yaradılan Azero konsorsiumunun 900 milyon avroluq modernizasiya planı artıq risk altında qiymətləndirilir. Bu barədə Anews.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Hadisənin zavodun əsas istehsalat sistemlərinə ciddi ziyan vurması, danışıqların şərtlərinin yenidən yazılmasına səbəb olub. Əvvəllər iyunda yekunlaşdırılması gözlənilən saziş artıq qeyri-müəyyən vaxta təxirə salınıb. Razılaşdırılan şərtlər dəyişir, ilkin öhdəliklər isə sual altına düşüb.

Zavodun enerji təchizatı, infrastruktur yükü və 700 milyon avroya yaxın  borc məsələsi fonunda Azərbaycanın sənaye diplomatiyasının dayanıqlılığı ilə bağlı ciddi suallar yaranıb.

Baku Steel-in bu qədər həssas və kompleks bir layihəyə hansı risk hesablaması ilə daxil olduğu artıq müzakirə predmetinə çevrilir.

Baku Steel Avropada sənaye flaqmanı qurmağa gedirdi, yoxsa idarəolunmaz böhranın ortasına düşüb?

Strategiya və sənaye əhəmiyyəti

Ilva Steel müəssisəsi 1965-ci ildən fəaliyyət göstərir və dəmir filizinin emalından tutmuş son məhsula qədər tam istehsalat zəncirinə malikdir. Zavodda əsasən yastı polad məhsulları, borular, ərinti və paslanmayan polad istehsal olunur. Avropa metallurgiya sənayesi üçün strateji əhəmiyyət daşıyan bu obyekt, eyni zamanda ABŞ-la ticarət danışıqlarında – xüsusən də polad və alüminium rüsumları məsələsində – Avropa İttifaqının mövqeyinə təsir edə bilər.

2025-ci ilin martında Azero konsorsiumunun İtaliya hökumətinin çoxpilləli beynəlxalq tenderində qalib gəlməsi güclü investisiya paketi və ətraf mühitin mühafizəsi, sosial məsuliyyət kimi şərtlərə uyğunluğu ilə mümkün olub. Layihənin maliyyə sabitliyini dövlət investoru olan Azerbaijan Investment Company təmin edir.

Zavodun TAP boru kəmərinin daxil olduğu Apuliya bölgəsində yerləşməsi isə layihənin strateji məntiqini daha da gücləndirir. Razılaşmanın həyata keçməsi Azərbaycanın İtaliya ilə iqtisadi tərəfdaşlığını daha da dərinləşdirə bilər.

İtaliya ilə saziş hansı mərhələdə pozuldu?

Ilva Steel zavodunun əsas domna sobasında baş verən texniki nasazlıq nəticəsində yanğın hadisəsi, zavodun əsas istehsalat xəttini sıradan çıxarıb. Bu, zavodun gündəlik 4500 tonluq istehsal gücünü iflic edib və ilkin dəyərləndirməyə əsasən, on milyonlarla avro zərərə səbəb olub. Belə şəraitdə, əvvəllər razılaşdırılan investisiya şərtləri hüquqi və maliyyə baxımından qüvvəsini itirib.

İyuna planlaşdırılan yekun imza mərasimi təxirə salınıb. Yeni texniki hesabatlar, hüquqi rəylər və audit qiymətləndirmələri tələb olunur. Danışıqlar faktiki olaraq sıfır nöqtəsinə qayıdıb, lakin tərəflər bunu açıq şəkildə bəyan etmir.

Enerji məsələsində SOCAR Trading-in iştirakı nəyi dəyişir?

Zavodun enerji ilə təminatı məsələsi sazişin taleyini həll edəcək əsas komponentlərdən biridir. Ilva-nın illik qaz tələbatı 800 milyon kubmetr civarındadır. Bərpa sonrası bu rəqəmin 2–3 dəfə artması gözlənilir.

SOCAR Trading bu mərhələdə həm TAP vasitəsilə boru qazı, həm də Avropada ticarət olunan LNG üzrə təchizat zənciri təklif edə bilər. Lakin burada iki əsas risk yarana bilər. 

Birincisi qiymət volatilliyidir. Belə ki,  Avropa qaz bazarı gündəlik dəyişkənlik göstərir. İkincisi İtaliya hökumətinin enerji prioritetləri var. Yeni FSRU (səyyar qazlaşdırma terminalı) layihəsi üçün siyasi razılıq hələ əldə olunmayıb.

SOCAR-ın bu layihədəki rolu təkcə təchizatçı yox, həm də siyasi təsir vasitəsi kimi də qiymətləndirilə bilər. Bu isə Azərbaycanın enerji diplomatiyasını biznes riskləri ilə birbaşa bağlayır.

700 milyonluq borcun aqibəti: kim ödəyəcək?

İtaliya tərəfi əvvəlcədən Ilva Steel zavodunun 700 milyon avrodan artıq borc yükünü siləcəyini vəd etmişdi. Lakin post-yanğın mərhələsində bu razılaşma hüquqi mübahisəyə çevrilə bilər.

Əgər borcların bir hissəsi yenidən aktivləşərsə, Azero konsorsiumunun üzərinə düşəcək maliyyə yükü 1 milyard avronu keçəcək.

Bu, artıq yalnız investisiya deyil, yüksək reputasiya riski daşıyan dövlət iştirakı ilə reallaşan kommersiya layihəsinə çevrilir.

Azərbaycan üçün imic riski: dövlət investoru reputasiya yükü altındadır?

Bu layihədə əsas strateji zəmanətçi rolunda çıxış edən Azerbaijan Investment Company-nin (AIC) iştirakı hökumətin bu alqı-satqıya birbaşa reputasiya ilə bağlı olduğunu göstərir.

Müqavilənin uğursuzluğu təkcə Baku Steel-in deyil, dövlət investisiya siyasətinin də tənqidinə yol aça bilər.

Müvafiq risklərin əvvəlcədən hesaba alınmaması, infrastruktur zərbələrinin və texniki risklərin düzgün qiymətləndirilməməsi, həmçinin enerji məsələsində qeyri-müəyyənlik, dövlətin xaricdəki biznes təşəbbüslərinin beynəlxalq mühitdə rəqabətə dayanıqlığını sual altına alır.

Nəticə

Taranto zavodunun alqı-satqısı Azərbaycanın sənaye, enerji və diplomatik dairələri üçün imtahan xarakteri daşıyır. Bu layihə uğurlu olarsa, Bakı üçün Avropa sənaye bazarına çıxış qapısı ola bilər.

Lakin risklərin düzgün idarə olunmaması halında bu təşəbbüs maliyyə, reputasiya və siyasi öhdəliklər zəncirinə çevrilə bilər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
İqtisadiyyat 10:50
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
Dörd ayda 53 450-dən çox proaktiv müavinət və təqaüd təyin olunub
İqtisadiyyat 10:38
Dörd ayda 53 450-dən çox proaktiv müavinət və təqaüd təyin olunub
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti ucuzlaşıb
Reuters Trampın ticarət müharibəsinin şirkətlərə vurduğu ziyanı hesablayıb
İqtisadiyyat 09:40
Reuters Trampın ticarət müharibəsinin şirkətlərə vurduğu ziyanı hesablayıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl bahalaşıb - Məzənnə
Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib
İqtisadiyyat 15:11
Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib
Bakıda orta aylıq əməkhaqqı 5,9% artıb
İqtisadiyyat 11:30
Bakıda orta aylıq əməkhaqqı 5,9% artıb
Son 6 ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 dəfə artıb
İqtisadiyyat 11:16
Son 6 ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 dəfə artıb
Neft Fondu ADNOC qaz kəmərinə $50 milyon yatırıb
İqtisadiyyat 10:53
Neft Fondu ADNOC qaz kəmərinə $50 milyon yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol