2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq

2030-cu ilə qədər IV sənaye inqilabı texnologiyaları 170 milyon yeni iş yerləri yaradacaq, 92 milyon iş yeri isə bağlanacaq. Bunu İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, dolayısı ilə yeni ixtisaslar yeni bacarıqlar və imkanlar yaradacaq: “Bu o deməkdir ki, vətəndaşlarımız buna hazır olmalıdır, öz bacarıqlarını inkişaf etdirməlidir və yeni biliklər əldə etməlidirlər. Bu gün təqdim olunan proqramın məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir. Layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçi dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 8 000-dən çox kursdan ödənişsiz yararlana biləcək".
O bildirib ki, proqram çərçivəsində 2 500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilib, altyazı ilə istifadəçilərə təqdim olunub: “Bundan başqa, ən çox tələb olunan 10 təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilərək istifadəçilərin ixtiyarına verilib”.