Ölkədə debet kartları ilə aparılan əməliyyatların həcmi artıb

2025-ci ilin dörd ayında ölkədə debet kartları ilə aparılan əməliyyatların həcmi 42 milyard 391 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.9% və ya 7 milyard 901 milyon manat çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 23 milyard 810 milyon manatı elektron ticarət vasitəsi ilə, 13 milyard 407 milyon manatı bankomatlar vasitəsi ilə, 4 milyard 81 milyon manatı POS-terminallar vasitəsi ilə, 11.5 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 1 milyard 82 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Azərbaycan Mərkəzi Bankı 2027-ci ilə qədər kart əməliyyatlarında nağdsız ödənişlərin payının 70%-i ötəcəyini gözləyir. Bu barədə Mərkəzi Bank tərəfindən təsdiq edilmiş və tənzimləyici orqanın saytında dərc edilən 2024-2026-cı illərdə Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə Strategiyada bildirilib.
Mərkəzi Bank 2024-2026-cı illərdə milli ödəniş sistemində ani ödənişlərin payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu, cəmi 0,39% təşkil edir.
Mərkəzi Bank hesab edir ki, 2027-ci ilə qədər bu rəqəm 25%-dən çox ola bilər.
Digər məqsəd pərakəndə ticarət şəbəkəsində nağdsız ödənişlərin payının ən azı 40%-ə (hazırda 21,1%) çatdırılmasıdır.
Mərkəzi Bank həmçinin 2027-ci ilə qədər cari hesablardan müştəri köçürmələrində rəqəmsal bankçılığın payının 90%-i (hazırda 80%) keçəcəyini gözləyir.
Aytac
Son xəbərlər
Daha çox 