Azərbaycanın neft kəmərlərində itkilər artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 2,3 min ton itki qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2024-cü ilin birinci yarısında bu göstərici 2,2 min ton təşkil etmişdi.
Ötən il ərzində ümumilikdə neft kəmərlərində 4,5 min ton itki qeydə alınmışdı – bu isə illik əsasda 18,4% artım demək idi.
Cari ilin ilk yarısında ölkədə neft kəmərləri ilə 18 milyon 513 min ton neft nəql olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% azdır.
Nəqlin 75,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac kəmərinin payına düşüb. Hesabat dövründə bu boru kəməri vasitəsilə 13 milyon 924,9 min ton neft ötürülüb — bu da ötən ilin eyni dövrünə nəzərən 3,8% azalma deməkdir.
2024-cü ilin yekunlarına görə, Azərbaycanda ümumilikdə 38 milyon 752,1 min ton neft nəql olunmuşdu ki, bu da 2023-cü illə müqayisədə 2,5% azdır. BTC ilə nəql edilən neftin həcmi isə 29 milyon 470,9 min ton təşkil etmiş, bu da illik əsasda 2,4% azalma demək idi. BTC ötən il üzrə ümumi nəqlin 76%-ni təşkil edib.
Gülnar
Son xəbərlər
Daha çox 