Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun plenar sessiyası çərçivəsində bir sıra strateji sazişlər imzalanıb.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Həsən Əl Suveydinin iştirakı ilə İqtisadiyyat Nazirliyi ilə BƏƏ-nin “Modon Holding” şirkəti arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cassem Əl Zaabi imzalayıb.
5 milyard ABŞ dollarınadək investisiya nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını hədəfləyir.
Daha sonra Baş nazirin müavini Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsinə dair sənədlərin imzalanma mərasimi keçirilib. Bu çərçivədə aşağıdakı müqavilələr imzalanıb:
Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi – sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıb;
Su Satınalma Müqaviləsi – sənədi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıb.
Torpaq İcarə Müqaviləsi – sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıb.
Dövlət Zəmanəti Müqaviləsi – sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıb.
Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında gündəlik 300 min kubmetr gücə malik dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək. Ümumi dəyəri 407 milyon ABŞ dolları olan layihə ölkədə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiriləcək ilk pilot layihədir. Müqaviləyə əsasən, zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.
Hökumət bildirib ki, layihə Abşeron yarımadasının artan içməli su tələbatını ödəməklə yanaşı, şirin su mənbələrinin şaxələndirilməsinə, dövlətin su təchizatında yükünün azaldılmasına, beynəlxalq təcrübənin tətbiqinə və xarici sərmayələrin cəlbinə xidmət edəcək.
N.Təbrizli