Aİ 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarından imtina edəcək — von der Leyen

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarının idxalını birdəfəlik dayandıracaq. Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində görüşdən sonra bildirib.
“2027-ci ilə qədər Avropa Rusiya enerji daşıyıcıları ilə bağlı səhifəni həmişəlik bağlayacaq”, — von der Leyen sosial şəbəkə X-də yazıb və əlavə edib ki, Aİ və ABŞ Rusiyanın ənənəvi yanacaq gəlirlərini azaltmaq barədə razılığa gəlib.
Fransa prezidenti Emmanuel Makron daha əvvəl CBS-ə müsahibəsində Avropa ölkələrinin Rusiya enerji idxalını tam dayandırmaq üçün səylər göstərdiyini söyləyib.
Aİ-nin enerji üzrə nümayəndəsi Anna-Kaysa İtkonen isə bildirmişdi ki, Belçika, Macarıstan, Yunanıstan, İspaniya, Niderland, Portuqaliya, Slovakiya və Fransa hələ də Rusiya qazı idxal edir.
Avropa Komissiyası yazda 2027-ci ilin sonuna qədər Rusiya enerji daşıyıcılarından imtina planını təqdim edib.
Sanksiyaların 19-cu paketi isə Rusiya LNG idxalının daha tez 2027-ci il yanvarın 1-dək dayandırılmasını nəzərdə tutur.
N.Təbrizli