Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb

Qazaxıstan istehsalı olan buğdanın ilk partiyası Aktau limanından yola düşərək Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatdırılacaq. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan öz sosial hesabında bildirib.
“Tezliklə Qazaxıstan buğdasının ilk partiyası Aktau–Bakı, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana daxil olacaq. Sülh bərqərar oldu", - o bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Astanada bəyan edib ki, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı 1990-cı illərdən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Prezidentin sözlərinə görə, ilk tranzit yük Qazaxıstanın Ermənistana buğda ixracı olub.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan Prezident Əliyevin açıqlamasına münasibət bildirərək, Ermənistanın bu addımı alqışladığını qeyd edib. Onun sözlərinə görə, bu qərar Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regionda kommunikasiyaların açılması və sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində nəqliyyat əlaqələrinin bərpası əsas müzakirə mövzularından biridir.
Qazaxıstan buğdasının Bakı üzərindən Ermənistana göndərilməsi, regionda iqtisadi inteqrasiyanın ilkin praktiki addımlarından biri kimi qiymətləndirilir.
Gülnar Nazimqızı