Sofiyada Azərbaycan–Bolqarıstan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçiriləcək
 
            Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası bu gün bu ölkənin paytaxtı Sofiyada keçiriləcək. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Bu barədə Bolqarıstan mediası xəbər verib.
Komissiyaya Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Bolqarıstanın energetika naziri Jeço Stankov həmsədrlik edir.
Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi üçün tədbirlər müəyyən ediləcək.
Tədbir kənd təsərrüfatı, əczaçılıq, emal, qida və tekstil sənayesi sahələrinin nümayəndələrinə potensial tərəfdaşlarla görüşmək və birbaşa əməkdaşlıq əlaqələri qurmaq imkanı yaradacaq.
Bolqarıstan Azərbaycandan əlavə qaz tədarükündə maraqlı olduğunu və Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verdiyini açıqlayıb. Komissiya çərçivəsində iki ölkə arasında B2B formatında biznes forum da keçiriləcək.
N.Təbrizli
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    