2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 57%-i qeyri-neft sektorunun payına düşəcək
Azərbaycan hökuməti büdcə siyasətində sosialyönümlülük prinsipini əsas prioritet kimi saxlayır. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Onun sözlərinə görə, büdcə siyasətində insan kapitalının, xüsusilə gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsi ön plandadır.
Məqsəd iqtisadi artımın hər bir vətəndaşın rifahına müsbət təsir göstərməsi və investisiyaların real sektorda yeni imkanlar yaratmasıdır.
Bəşirli bildirib ki, 2026-cı il üzrə dövlət büdcəsi gəlirlərinin 57%-i qeyri-neft-qaz sektorunun payına düşəcək. Həmçinin növbəti il üçün qeyri-neft ÜDM-in 5% artacağı proqnozlaşdırılır.
Nazir müavini əlavə edib ki, büdcə zərfində neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması əsas istiqamətlər kimi müəyyən olunub.
Gülnar Nazimqızı