"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
2025-ci ilin yanvar-noyabrında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 58 milyard 173,391 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % azdır. Bu barədə BFB məlumat yayıb.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə azalaraq 26 785 olub.
BFB-nin dövriyyəsinin 80,5 %-i, yaxud 46 milyard 818,221 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 16,1 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 57 % artaraq 9 milyard 153,04 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,5 % artaraq 2 milyard 202,13 milyon manat olub.
BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.