ADY Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaya başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gündən etibarən Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
Bu marşrut Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma xətti kimi bölgələrdə nəqliyyatın əlçatanlığını artıracaq, regionlararası bağlantı və mobilliyi genişləndirəcək.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.
Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci sinif səyahət imkanları mövcuddur. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4,3 manat, Ləki-Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.
Son xəbərlər
Daha çox