Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
Avropa Komissiyası İtaliya şirkətlərinin - Italiana Petroli SpA və MIP SpA (birlikdə "Italiana Petroli") - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınmasını təsdiqləyib.
Bu barədə Avropa Komissiyasının saytında qeyd olunub.
Əməliyyat əsasən xam neft və emal olunmuş yanacaqların tədarükü ilə bağlıdır.
Komissiya, təklif olunan əməliyyatdan irəli gələn məhdud bazar mövqelərini nəzərə alaraq, əməliyyatın rəqabət narahatlığı yaratmayacağı qənaətinə gəlib. Əməliyyat sadələşdirilmiş birləşmə proseduru çərçivəsində araşdırılb.
"Italiana Petroli" ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.
SOCAR və "API Holding" arasında "Italiana Petroli"nin səhmlərinin 99,82 %-nin satın alınması haqqında saziş 2025-ci il sentyabrın 23-də imzalanıb.
Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.