Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Bakıda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğundur. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bəzi həyət evlərinin sahələri çox kiçikdir — 30, hətta 20 kvadrat metrdən az. Sabit ödənişlərin tətbiqi az sahəli evlər üçün kompensasiyanın məbləğini nisbətən aşağı salır.
Bayramov vurğulayıb ki, belə halda diferensial kompensasiya tətbiq olunarsa, kiçik sahəli ev sahiblərinə mənzil almaq üçün kifayət qədər məbləğ ödənilə bilər, bu da onların mənzil probleminin həllinə dəstək olar.
Deputat həmçinin bildirib ki, bu ilin yanvarında Füzuli rayonunda keçirilən illik hesabat yığıncağında sakinlər Qaydışı qəsəbələrinin içməli su təminatı ilə bağlı problemləri qeyd ediblər. On mindən çox sakini olan bu qəsəbələrdə artıq işlərə başlanılıb.
Bayramov baş nazir Əli Əsədovdan prosesi sürətləndirməyə dəstək olmağı xahiş edib.
Gülnar Nazimqızı