Ticarət obyektləri qanunsuz olaraq malları müştərilərə kreditlə satır
Azərbaycanda əhalinin istehlak kreditləşməsi ilə bağlı olan faktiki borcu rəsmi rəqəmlərdən daha çoxdur və bu, mənfi nəticələrə gətirib çıxara bilər. Bunu "Report"a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Son 5 ildə ölkədə pərakəndə satış obyektlərində (mebel, məişət texnikası və s.) kreditlərin birbaşa müştəriyə ayrılması mexanizmi formalaşıb.
Onun sözlərinə görə, bir qayda olaraq vətəndaş bankdan kredit alarkən onun bütün göstəriciləri Mərkəzi Kredit Reyestrinə daxil olur. O, başqa bankdan kredit alarkən onun haqda məlumatlar qeydə alınır, kredit tarixçəsi qiymətləndirilir, risklər və vətəndaşın ödəmə qabiliyyəti dəyərləndirilir.
"İstehlakçı dükana girəndə elə zənn edir ki, dükan ona mal satır. Əslində isə dükanda başqa bir adam oturur, o dükandan nağd pula məhsulu alır və vətəndaşa kreditlə verir. Təcrübə göstərir ki, belə şərtlərlə vətəndaş 30-40% bahalaşmış mal almalı olur. Bu, kredit Mərkəzi Reyestrdə qeydiyyata alınmır. Təhlil göstərir ki, hazırda 3 mln.-dan artıq insan dükan kreditlərinin borcu altındadır . İstehlakçı "faizsiz kredit" adı ilə əslində çox baha mal alır. Məsələn, həkim kredit alarkən maaşının 150 manat olduğunu deyir, belə dükanlar onun başqa gəlir mənbəyinin də ola biləcəyini düşünürlər və ona kredit verirlər. Eyni məqam cehiz və ya digər məqsədlərlə məhsul alınan hallara aiddir. Beləliklə, korrupsiyanı maliyyələşdirən mexanizm icra olunur", - deyə E.Hüseynov bildirib.
E.Hüseynov şikayətlər əsasında əhalinin borclanması dövlətin elan etdiyi kimi 1,3 mlrd. manat deyil, əlavə olaraq təxminən 1,5 mrld. manat məbləğində borcu olduğunu deyib: "Bu yerdə də sələmçilər sinfi meydana çıxıb. Sələmçi dükanla sövdələşərkən, malı nağd qiymətə alır və vətəndaşa yüksək faizlə satır. Sonununcu şikayət "Delloro" mebel dükanı ilə bağlı olub. Şikayətçi bildirir ki, dükandan mebelin nağd qiymətini heç cür öyrənə bilməyib. Artıq dükana malları bu şəkildə satmaq sərf edir. Biz hesab edirik ki, əhalinin bu şəkildə borclanması müəyyən sosial, iqtisadi və siyasi mənfi nəticələrə gətirə bilər. Əhali dövləti günahlandırır".
Ona görə də AİB Nazirlər Kabineti, Prezident Administrasiyası, İqtisadiyyat və Sənaye Nazirliyinə təkliflər verib. Dünən İqtisadiyyat və Sənaye Nazirliyi ilə məsələ müzakirə olunub. Nazirlik rəsmiləri də etiraf ediblər ki, dükanların şişirdilmiş qiymətlə kredit verməsi qanuna ziddir. Nazirlik bunun qarşısını almaq üçün mexanizmin olmadığını deyib. "Lakin biz bu cür kreditlərin qapanması uğrunda iş aparırıq", - deyə E.Hüseynov qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !