"Devalvasiyasının fəsadları özünü göstərməkdədir. Banklar müştərilərdən yeni məzənnə əsasında (1 USD = 1,05 AZN) kredit öhdəliklərinin yerinə yetirilməsini tələb edir.
Müştərilər isə qanunvericiliyə və hüquqşünasların rəyinə istinad etməklə ancaq köhnə məzənnə (1 USD = 0,79 AZN) ilə ödəniş edəcəklərini bildirirlər. Hər iki tərəf özünü haqlı sayır. Ancaq problem həll olunmamış qalır".
ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssis qeyd edir ki, müstəqil ekspertlər və hüquqşünaslar əsas diqqəti Mülki Məcəllənin 439.7-ci maddəsinə yönəldərək xarici valyutada olan kreditlərin müqavilə bağlanan halda olan məzənnə əsasında ödənilməli olduğunu bildirir.
S.Əliyevin sözlərinə görə, əsas kimi Məcəllədə göstərilən "öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. İqtisadçı bildirir ki, Mərkəzi Bank məsələ ilə bağlı Mülki Məcəllədə göstərilən maddənin birmənalı izah etmək mümkün olmadığını əsas gətirərək Konstitusiya Məhkəməsinə müraciət etməyi məsləhət görür:
"Hətta Ali Məhkəmənin bir hakimi də müştəriləri dəstəkləyən şərh verir. Prinsipcə, aşağı-yuxarı banklardan kənar bütün rəylər üst-üstə düşür. Çünki hamının bu və ya digər formada bank qarşısında kredit öhdəliyi var. Ancaq burda bir məsələ var. Bankın kredit şəklində verdiyi pul onun özünü deyil. Çox cüzi hissəsi bankın kapitalına məxsusdur. Həmin vəsaitin ən azı yarısını əhalinin əmanətləri təşkil edir. Bura xarici öhdəlikləri və MB-nin mərkəzləşdirilmiş kreditlərini əlavə etmək olar.
Yanvarın əvvəlinə olan məlumata görə, bank əmanətlərinin 38,5%-ni xarici valyuta təşkil edir. Söhbət 3,5 milyard dollarlıq vəsaitdən gedir. Həmin vəsaiti banklar faizlərlə birlikdə əhaliyə qaytarmalıdır. Bankların xarici öhdəlikləri 6,3 milyard dollardır. Bu öhdəliklər kredit şəklində dollar və avro ilə cəlb edilib. Devalvasiya nəticəsində əmanət öhdəlikləri 567 milyon manat, xarici öhdəlikləri isə 1.7 milyard manat artıb. Deməli, yalnız 2 mənbə üzrə banklar birdən-birə 2.3 milyard manat zərərə düşüb. Bura 6,4 milyard dollarlıq xarici valyuta kredit üzrə məzənnə fərqindən yaranacaq 1 milyard manatlıq zərəri də əlavə etsək, onda zərərin həcmi 3,3 milyard manata çıxar. Bu vəsait bank sektoru üçün öldürücü ola bilər".
Mütəxəssisin fikrincə, hər bir halda çıxış yolu tapılmalıdır. Oxşar hallarla digər ölkələr də üzləşib: "Məsələn, Polşada İsveçrə frankı kəskin bahalaşandan sonra hökumət əhaliyə valyuta kreditlərini milli valyutaya (zlota) çevirməyə icazə verib. Xorvatiyada İsveçrə frankının məzənnəsini "dondurdular” ki, valyutada krediti olan müştərilərə zərbə dəyməsin. Macarıstan hökuməti valyuta ehtiyatlarının bir hissəsini xarici valyutada olan ipoteka kreditlərinə dəstək olmağa yönəldib, ölkənin məhkəmə sistemi isə xarici valyutada olan müqavilələri qanunsuz sayıb. ABŞ-da 2009-cu ildə qlobal maliyyə böhranə zamanı ipoteka borclularına dəstək proqramı çərçivəsində 300 milyard dollar vəsait xərclənib. Rusiya Mərkəzi Bankı banklara tövsiyə məktubu göndərib. Məktuba əsasən xarici valyutada olan ipoteka kreditləri (digər kreditlər yox) Mərkəzi Bankın 01.10.2014-cü il tarixli məzənnəsi ilə (1 USD = 39,4 rubl) rubla keçirtmək tövsiyə edilib. Bu halda faiz dərəcəsi olaraq rublun cari dövrə olan faiz dərəcəsi götürülür.
Ukrayna da oxşar addımı atıb. Mərkəzi Bank 25.12.2014-cü il tarixdə kommersiiya bankları ilə xarici valyuta kreditlərinin restrukturizasiyası barədə Memorandum imzalayıb. Memorandiuma əsasən, xarici valyutada olan istehlak kreditləri, o cümlədən ipoteka kreditləri Mərkəzi Bankın 01.01.2014-cü il tarixinə olan rəsmi məzənnəsi ilə (1 USD = 7,99 qrivna) milli valyutaya çevrilir. Hazırda bütün banklar olmasa da, 20-yə qədər bank bu Memoranduma qoşulub. Banklar hələki müqavimət göstərir".
Samir Əliyevin fikrincə, faktiki olaraq ölkənin bank sektoru təhlükə altındadır. Mütəxəssis hesab edir ki, artıq vəziyyət o həddə qədər pisləşib ki, bir neçə bank bağlanmaq təhlükəsi ilə üzləşib: "Əmanətlər kütləvi şəkildə geri çəkilir. Bankları da düşünmək lazımdır. Əlbəttə bunu əhali yox, hökumət düşünməlidir. Nəzərə almaq lazımdır ki, banklar əhaliyə faizləri saymasaq 3,5 milyard dollar qaytarmalıdır. Sizcə, əmanətçi razı olarmı ki, onun dollarla yatırdığı əmanəti bank yeni məzənnə ilə yox, köhnə məzənnə ilə qaytarsın? Axı, oxşar vəziyyətlə banklar da üzləşib. Sabah banklar köhnə məzənnə ilə kreditləri qəbul etməyə vadar edilsə, zərəri ödəmək üçün banklar kapitalına müraciət etməli olacaq. Kapitalın azaldılması baş verəcək ki, bununla da həm Mərkəzi bankın normalitvlərini pozacaq, həm də xarici banklar qarşısında götürdükləri öhdəlikləri pozmuş olacaqlar. Bir sözlə, bank sistemi çöksə, bu, heç də təkcə 6 milyondan çox əmanətçinin probleminə çevrilməyəcək. Bunun zərbəsi hamıya dəyəcək".
Ekspert təklif edir ki, buna görə hökumət müşahidəçi mövqedən konkret addıma keçməlidir. Burda kompromis variantlar tapılmalıdır: "Banklar da güzəşt etməlidir. Heç olmazsa kreditin ödənilmə müddətini uzutmaqla və illik faiz dərəcəsini bir qədər aşağı salmaqla müştərilərə güzəştə gedə bilərlər. Artıq belə təşəbbüslər var. Hökumət də öz növbəsində banklara dəstək verməlidir. Bütün valyuta kreditləri olmasa da, istehlak kreditlərinin zərərini dövlət üzərinə götürməlidir. Hazırda xarici valyuta kreditlərinin 35%-i istehlak kreditlərinin payına düşür. Söhbət təxminən 2,3 milyard dollara yaxın vəsaitdən gedir. Həmin vəsait köhnə məzənnə ilə ödənilsə, banklar əlavə olaraq 380 milyon manata yaxın zərərə düşər (bütün valyuta kreditlərində bu göstərici 1 milyard manata yaxındır. Dövlət bu vəsaiti banklara vergi güzəşti və ya maliyyə yardımı şəklində ödəməlidir. Əks halda ölkə iqtisadiyyatını böhrandan qurtarmaq üçün daha çox pul xərcləməli olacaq və bunun səmərəsi indikindən də az olacaq", - deyə iqtisadçı vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !