Salyan, Sabirabad, Bərdə, Beyləqan və digər pambıqçılıqla məşğul olunan rayonlardan "Qaynarinfo" daxil olan məlumatlara görə, taxıl sahələrində biçim işləri yekunlaşdırıldıqdan sonra bu sahələrdə pambıq əkiminə başlanılıb. Pambıq əkimi prosesinin gecikdirilərək iyun ayında gerçəkləşdirilməsinin məhsuldarlığın səviyyəsinə necə təsir edəcəyi ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmlinin fikirləirini öyrəndik.
Ekspert "Qaynarinfo"ya açıqlamasında kənd təsərərrüfatı sahəsində işlərin qeyri-peşəkar şəkildə aparıldığını deməklə yanaşı, bunu iyrənc bir mənzərə adlandırdı:
"Çox təəssüf ki, bu sahəni naşılar idarə edir və onlar vegetasiya müddəti haqda, əkin və səpin prosesinin nə zaman aparılması, həmçinin tempratur rejiminin hansı qaydada olması barədə məlumatsızdırlar. Hazırda demək olar ki, bu iş yalnız kampaniya şəklində həyata keçirilir. Belə ki, aprel ayında pambıq səpini başlanılmışdı, lakin səpilən toxumun tən yarısı cücərmədi, həmin sahələrdə bu proses yenidən aparıldı və yenə bir nəticə hasil olmadı. Artıq üçüncü dəfədir ki, səpin işləri həyata keçirilir. Amma qeyd edim ki, o sahələrdə əmələ gələn cücərtilər normal inkişaf edə bilməz. Havaların isti keçməsi, bəzi rayonlara dolu yağması və s. bu kimi amillər məhsuldarlığa mənfi təsir göstərir. Bitki normal inkişaf edəndə ətraf mühitə, stress amillərə dözümlü olur, əgər onun vegetasiya müddəti hər hansısa səbəbdən uzanırsa, bitki zərərə məruz qalır, xəstəliklər, zərərvericilər artır və məhsuldarlığın səviyyəsi aşağı düşür. Yəni hazırda bu işlə məşğul olanlar taxıl biçimindən sonra pambıq əkinini nəzərdə tuturlarsa bu, möcüzədir. Onlar deyəsən Azərbaycanın torpaq, iqlim şəraitini nəzərə almırlar. Hansısa ölkədə may, iyun aylarında səpin işi aparıla bilər, ola bilsin ki, onlar Azərbaycanı həmin ölkələrlə səhv salıblar. Nə demək olar? İşləsinlər görərik. Bəlkə də möcüzə baş verdi".
Ekspert dövlətin pambıqçılığın inkişafına ayırdığı milyonlarla manat vəsaitin mənimsənildiyini və məsuliyyətli şəxslərin məhsuldarlığın yüksək olmasında maraqlı olmadıqlarını qeyd etdi:
"Bu sahədə sovet sistemini bərpa etməyə çalışırlar. Yəni, sovet dövründə pambıq əkini ilə kolxozlar, sovxozlar məşğul olurdularsa və bu işə təhsil şöbələrinin, zavod və fabriklərin işçilərini cəlb edirdilərsə, indi bu iş əsasən bələdiyyə orqanlarına, yerli icra nümayəndəliklərinə həvalə edilib. Bu, nə sovet təsərrüfat sistemini xatırladır, nə də ki, bu günün bazar iqtisadiyyatı ilə uyğunlaşır. Çox eybəcər bir forma alınıb. Dövlət büdcəsi hesabına bəzi xərclərin qarşılanması, texniki avadanlıqların, toxumun alınması, istehsal vasitələrinin alınıb fermerlərə və ya müvafiq strukturlara verilməsi zamanı bu sahəyə ayrılan maliyyə resursları səmərəli şəkildə xərclənmir. Ona görə ki, istənilən halda bu sahə ilə özəl sahibkarlar məşğul olmursa, xərclər artacaq, malın maya dəyəri yüksək, məhsuldarlıq isə aşağı olacaq. Həmin şəxslərə vəsait verilirsə ki, toxumu get filan yerdə səp, o, verilən vəsaitin müəyyən qismini mənimsəmək haqqında düşünəcək və bu zaman məhsuldarlıq, keyfiyyət məsələləri onu maraqlandırmayacaq. Belə olanda həmin şəxs çox qazanmaq üçün pulun bir hissəsini mənimsəyəcək və bir qismi ilə də sadəcə görüntü yaratmağa çalışacaq. Görünür Kənd Təsərrüfatı Nazirliyi də işin bu şəkildə aparılmasında maraqlıdır. Bunu statistika da göstərir. Belə ki, əvvəlki illərlə müqayisədə bu sahədə məhsuldarlıq 2,7 sentiner azalıb”.
V.Məhərrəmli pambıqçılığın inkişafı üçün lazımi məqamları diqqətə çatdırdı. Onun fikrincə, hazırkı yol pambıqçılığın məhvinə səbəb olacaq:
"Məhsuldarlığın yüksək olması üçün bu sahədə elmi inkişaf etdirmək, savadlı, peşəkar mütəxəssislər hazırlamaq lazımdır. Regionun torpaq və iqlim şəraitinə uyğun toxum növləri yetişdirilməli, lazımi avadanlıqlar, su təminatı təşkil edilməlidir. Bu işlə ümumiyyətlə fermerlər və sahibkarlar məşğul olmalıdır. Onda həmin şəxslər keyfiyyətli və daha ucuz məhsullar istehsal edərək dünya bazarına çıxara biləcəklər. Buna görə də onlara şərait yaradılmalıdır. İndiki seçilən yol sözügedən sahənin məhvinə gətirib çıxaracaq. Necə ki, heyvandarlığı məhv etdilər. Hansı ki, örüş sahələri, təbii biçənəklər olan ərazilər hazırda əkin üçün istifadə edilir. Bu da digər sahələrin inkişafına çox mənfi təsir göstərir".
Çingiz Səfərli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !