Ekspert: İpoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi müsbət tendensiyadır

17:02 | 19.03.2015
Ekspert: İpoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi müsbət tendensiyadır

Ekspert: İpoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi müsbət tendensiyadır

İpoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması məsələnin rəsmi səviyyədə gündəmə gətirilməsi baxımından müsbət tendensiyadır.

Oxu.Az xəbər verir ki, bu sözləri "Value and Sources” konsaltinq şirkətinin direktoru Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır:

"Həmin vəsaitlər hazırda əsasən təkrar bazardakı mənzil alışına yönəldilir. İqtisadi səmərəsinin olmaması ilə yanaşı proqram daşınmaz əmlak bazarında ekonom sinfinə (dəyəri ucuz mənzillər) aid mənzillərə tələbatı artıraraq onların qiymətlərinin artımına səbəb olurdu. Bu proses ilkin bazara çox cüzi müsbət təsir göstərirdi. İqtisadi cəhətdən səmərəsi az olmasına baxmayaraq, mövcud proqram sosialyönümlüdür və məqsədi ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir”.

Şirkətin direktoru bildirir ki, belə olan halda iqtisadiyyatın real sektoruna daha çox vəsait cəlb oluna bilər:

"Hesab edirik ki, ipoteka proqramının daha çox ilkin bazara yönəldilməsi (mənzillərin birbaşa tikinti şirkətlərindən alınmasına) tikinti sektoruna hazırkı dövrdə əlavə dəstək verə bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir. Əlavə etmək istərdik ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20%-i dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı ipoteka vəsaitlərinin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması haqda məlumat vermişdi. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsinin həll edilməsinin zəruriliyi haqda danışmışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM