Mayın 12-dən paytaxt Bakının bir neçə yerində yeni park-terminallarının (parkomatların) quraşdırılmasına başlanılıb. Parkomatlarda tariflər isə: 30 dəq - 0,50 qəpik, hər bir saat isə - 1 manatdır.Bu qiymətlər bütün sürücülər üçün nə dərəcədə münasib ola bilər?Təbii ki, bu, çox bahadır. Lakin, bu qərar avtomobillərini uzun müddətə saxlayanlara hesablanmayıb. Yəni, yol kənarında yerləşən mağazalara, kafelərə girmək və ya hər hansı bir işi təcili həll etmək üçün qısa müddətə avtomobillərini saxlayanlara aiddir.Bu barədə Oxu.Az-a açıqlamasında “MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.Onun sözlərinə görə, əgər qiymətlər daha aşağı, 0,2 manat çərçivəsində qəbul edilsə, onda yol kənarlarında avtomobillərdən tərpənmək olmaz.Ekspert parkomatların quraşdırılması kimi yeniliyin paytaxtımızda avtomobillərin parklanmasını tam qaydaya salmasına inanmır. Lakin, o qeyd edir ki, bu yenilik büdcəyə əlavə yığım üçün daha bir vasitədir və digər tərəfdən isə irəli atılmış daha bir addımdır.“Hesab edirəm ki, şəhərdə tikinti sıxlığını azaltmaq üçün hər yaşayış məhəlləsində, iri ticarət və biznes mərkəzlərinin yanında insanların sıxlığına hesablanmış yerüstü və yeraltı dayanacaqlar tikilməlidir, daha sonra isə müvəqqəti dayanacaqlara tələblər sərtləndirilə bilər”, - deyib N.İbrahimov.Bəzi dövlət qurumlarının nümayəndələri dəfələrlə qeyd edirlər ki, Azərbaycanda Avropa ilə müqayisədə parklanma qiymətləri çox ucuzdur.Ekspertin fikrincə, ola bilər ki, bir çox inkişaf etmiş ölkələrin paytaxt şəhərlərində sıxlığı azaltmaq üçün daha sərt tədbirlərə əl atırlar, amma:“Lakin, bu halda əhalinin dinamiklik indeksi və ödəmə qabiliyyəti mütləq nəzərə alınmalıdır. Ola bilər ki, yüksək qiymətlər əhalinin dinamiklik göstəricisini aşağı salsın və nəticədə biznes mühit pisləşsin, iqtisadi göstəricilər arzu olunmayan səviyyəyə düşsün. Hesab edirəm ki, qiymətlərin tənzimlənməsi yuxarıdan yox, əksinə aşağıdan başlanmalıdır”, - deyib N.İbrahimov.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !