Ekspert: Yanacaqdoldurma məntəqəsində sürücüləri aldadırlar

16:00 | 19.09.2017
Ekspert: Yanacaqdoldurma məntəqəsində sürücüləri aldadırlar

Ekspert: Yanacaqdoldurma məntəqəsində sürücüləri aldadırlar

Ömründə bircə dəfə yanacaqdoldurma məntəqəsində olmuş şəxslər bilir ki, bəzi sürücülər yanacaq doldurularkən avtomobili tərk edirlər. Bəziləri təhlükəsizlik üçün, bəziləri operatora inamsızlıq səbəbindən və sair. Bəs sürücü avtomobilə yanacaq doldurularkən hansı qaydalara əməl etməlidir? 

Ümumiyyətlə, yanacaqdoldurma məntəqəsində sürücünün avtomobili tərk etməsi ilə bağlı hansısa təlimat, qayda mövcuddurmu?

anews.az xəbər verir ki, Ölkə.Az bu suallarla tanınmış ekspertlərə müraciət edib. 

Ekspert Ərşad Hüseynov bildirir ki, bununla bağlı hər hansı təlimat nəzərdə tutulmayıb: 

"Yanacaqdoldurma məntəqəsində sürücünün yanacaq götürməklə bağlı, sürücünün xüsusi davranışına dair təlimat yoxdur. Təhlükəsizliklə bağlı təlimat var ki, orada da texniki təhlükəsizlik və yanğından mühafizə öz əksini tapıb. Əslində, Azərbaycanda biz sürücülər pis öyrənmişik. Dünyanın heç bir yerində "sürücü sükan arxasında otursun, kimsə gəlib onun avtomobilinə yanacaq vursun" söhbəti yoxdur. 

Əksər ölkələrdə sürücü yanacaqdoldurma məntəqəsinə gəlir, oradakı qurğudan öz avtomobilinə yanacaq vurur, elektron ödənişini edib gedir. Dünyanın heç yerində operatorları görə bilməzsiniz. Qurğu elədir ki, özün yaxınlaşıb çənin ağzını açıb, istədiyin qədər vurub, pulunu ödəyib, getməlisən. Hətta İranda, Rusiya və Türkiyə belədir. Avropa isə çoxdan bu metodla işləyir. Mühərrik söndürülməlidir. 

Yanğın törədə biləcək hərəkətlər edilməməlidir. Hətta mobil telefondan istifadə etmək olmaz".

"Avtostop" radiolayihəsinin müəllifi və aparıcısı DJ Tural isə hesab edir ki, Azərbaycanda sürücülərin yanacaqdoldurma məntəqəsində avtomobili tərk etməsinin başqa səbəbləri var: "Avtomobildən düşüb özün yanacaq doldurursansa, buna özünəxidmət deyirlər. Məsələn, Avropanın yanacaqdoldurma məntəqələrində özünəxidmətdir. Şərq ölkələrində, postsovet məkanında isə operator benzini vurur. Bizdə avtomaşını təhlükəsizlik məsələlərinə görə tərk etmirlər. Onlar, sadəcə, aparata baxırlar ki, görsünlər yanacağı düz vururlar, ya yox (gülür)".

Bəs aparıcının şəxsi qənaəti necədir? Avtomobili tərk etmək daha doğrudur, yoxsa əksinə? Yəni biz doğrusunu edirik, yoxsa avropalılar?

DJ Tural cavab verir: "Bizim beyinlərimiz arasında fərq var. İstəyirik ki, bizə xidmət göstərsinlər. 

Azərbaycanda hansısa yanacaqdoldurma məntəqəsi özünəxidmət üsuluna keçsə, işləyə bilməyəcək. Bu, bizim mentallığa daha uyğundur. Bəlkə, nə zamansa dəyişə bilər".  

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isə məsələyə bir qədər də fərqli aspektdən yanaşır və detalları izah edir: "Qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə, yanacaqdoldurma məntəqələrində sürücülərin etməməli olduqları davranışlar var. Mobil telefondan istifadə etmək, siqaret çəkmək olmaz. Amma yanacaqdoldurma məntəqələrində sürücülərə qarşı o qədər fırıldağa əl atırlar ki, sürücü məcburən avtomobili tərk edir. Çünki təkcə monitora baxmaq kifayət etmir. "Tapança"nın tutulmasından tutmuş, operatorun davranışına qədər hər şeyə fikir vermək lazımdır ki, aldatmasınlar. Tapançanı oynadıb, öz çirkin işlərini görə bilirlər. Əksəriyyətimiz monitora baxırıq ki, filan qədər vurdu, qiyməti bu qədər elədi. Amma elə deyil. 

Həm də yanacaqdoldurma məntəqələrinin kafesi, marketi, təbii ehtiyacları ödəmək üçün yerləri var. 

Sürücü də vaxt itirməmək üçün bəzən avtomobildən düşür, lazım olan şeyi alır, yaxud təbii ehtiyacını ödəyir. Bunu vaxta qənaət etmək üçün edirlər. Əksər sürücülər isə aldanmamaq üçün avtomobili tərk edirlər. Operatorlar deyirlər ki, avtomaşını bir az qabağa ver. Belə olan halda sən monitoru da görə bilmirsən. Yanacaq tam getməmiş "tapança"ya yüngülcə toxunurlar, taqqıltı gəlir, elə bilirsən ki, yanacaq çəni tam doldu. Amma tərpənəndən sonra başa düşürsən ki, aldanmısan. Halbuki o şlanq avtomobilin başına tam dolanar. Başın musiqiyə, telefona qarışır, dolmadan tapançaya əl vururlar, çənin ağzını bağlayıb yola salırlar". 

Ekspertin fikrincə sürücülər hər on litrdə 1-2 litr yanacaq itirmiş olurlar: "İndiki dövrdə on litrdə bir litr "vuran" insaflı yanacaqdoldurma məntəqəsi sayılır. Hətta bu "insaflılıqlarına" görə sürücülər onlara təşəkkür edirlər. Elə yanacaqdoldurma məntəqələri var ki, hər on litrdə iki litr aldadırlar".

Beləliklə, ekspertlərin rəyini ümumiləşdirsək, deyə bilərik ki, yanacaqdoldurma məntəqəsində sürücünün avtomobili tərk etməsi qaydası yoxdur. Sadəcə, məntəqələrin özlərində sürücülərə qarşı qurulmuş "tələ"dən xilas olmaq üçün onlar məcburən belə etməli olurlar. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM