Ekspertdən TİB-ə İTTİHAM: "Qanunsuzluqdur"

17:02 | 08.02.2016
Ekspertdən TİB-ə İTTİHAM:

Ekspertdən TİB-ə İTTİHAM: "Qanunsuzluqdur"

"Teleradio İstehsalat Birliyinin inhisarda olması böyük təhlükədir. Bunun üçün 20 Yanvar hadisələrini xatırlamaq kifayətdir”.

Bu sözləri ANN.Az-a açıqlamasında hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.

Televiziyada profilaktik tədbirlərin aparılması, televiziyalarda yayımın dayandırılmasına səbəb olur. Profilaktik tədbirlərin aparılmasını bəzi ekspertlər bu sahənin, yəni Teleradio İstehsalat Birliyinin inhisarda olması ilə əlaqələndirirlər.

Telekanallarda profilaktik tədbirlərin aparılması qanunauyğundurmu? Dünya praktikası nə deyir? Ümumiyyətlə, Teleradio İstehsalat Birliyi dövlət nəzdində olmalıdır, yoxsa özəlləşdirilməlidir? Teleradio İstehsalat Birliyi ilə yanaşı, "Delta" internet provayderinin də inhisarda olduğu deyilir, bu sahələrin monopoliyada olması təhlükə mənbəyi deyilmi?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli suallarımızı şərh edib.
 
 
 
Ələsgər Məmmədli

Ekspert telekanallarda profilaktik işlərin aparılmasının lisenziya əsasında olduğunu dedi: "Profilaktik tədbirlərin olması, yəni televiziya kanalının hansısa gün efirdə olmayacağı ilə bağlı heç yerdə bəyannamə yoxdur. Bu baxımdan, lisenziya şərtlərində günlük 12 saat efir vaxtı müəyyən edilibsə, 12 saat da yayım olmalıdır. Bu lisenziyanın şərtidir. İndiki halda isə tv-lərdə efirlərin dayandırılması, əlbətttə ki, lisenziya şərtlərinə riayət olunmaması deməkdir. Və qanunsuzluqdur”.  

Onun sözlərinə görə, teleradio yayım sahəsində dövlət qurumu olan Teleradio İstehsalat Birliyinin (TİB) ötürücü inhisarının nəticəsidir ki, ölkənin efir məkanı sükuta qərq olub: "Bu birliyin inhisarda, yəni tək olması bu birliyin özünü, eləcə də televiziyaları təhlükə altına atır. Yəni TİB hər hansı bir qəza nəticəsində partladılarsa, bu o deməkdir ki, Azərbaycanın TV məkanı bitdi. Amma əgər ANS-in, ATV-nin, LİDER-in öz ötürücüsü olsa, bu kimi təhlükəli məqamları da olmaz. Buna ən bariz nümunə 1990-ci ilin 20 Yanvar hadisəsini göstərmək olar. O vaxt AzTv-nin enerji bloku partlatdıb, daha sonra 20 Yanvar hadisəsini  törətmişdilər. Əslində, bunları bir məkana yığmağın özü çox ciddi təhlükə deməkdir”.

Ələsgər Məmmədli həmçinin əlavə etdi ki, televiziya dövlətə məxsus fəaliyyət növü deyil: "Dövlət bu sahədə monopolist olmamalıdır. Dövlətin özü şərait yaratmalıdır ki, bu sahə özəl olsun. Bu özəl sektora aid fəaliyyətdir. Özəl sahələrdə bu işin hansı şərtlərlə aparılmasını isə artıq bazar özü müəyyən edəcək. Bununla da bu sahədə artıq bir neçə teleradio yayım ötürücüsü yaranacaq ki, bu da rəqabət mühitini artıracaq. Demokratik ölkələrin praktikasında da bu sahə özəldir və inhisarda deyil”.

Hüquqşünas bildirib ki, əvvəllər dijital yayıma keçməmişdən öncə bizim televiziyaların hər birinin öz ötürücüsü vardı: "Buna görə də hamı öz ötürücüsü ilə yayıma çıxırdı. Misal üçün, AzTv profilkatik yayım deyəndə, ANS öz verilişini davam etdirirdi, çünki onun öz ötürücüsü vardı. Amma indi onların heç birinin belə bir şansı yoxdur. Yəni konkret olaraq, TİB yayımı dayandırarsa, demək, hər şey dayanacaq.”

Ekspert vurğulayıb ki, inhisarda olan digər sahə isə internet provayderi olan "Delta Telekom”dur: ""Delta Telekom" ölkənin 90 faizini internetlə təmin edir, 10 faizini isə "Azərtelekom" həyata keçirir. İnternet trafikinin şaxələnməsi həm inkişaf, həm də təhlükəsizlik baxımından çox önəmlidir. Təhlükəsizliyə misal olaraq, ötən ilin sonunda "Delta Telekom"da olan yanğın hadisəsini göstərə bilərik. Demək olar ki, ölkə saatlarla internetsiz qaldı. Yaxşı olardı ki, bu sahədə çoxlu rəqabət aparan provayderlər yaransın. Düzdür, bizim indi "Azərspace” var və qismən o,  hansısa boşluğun doldurulmasında yardımçı ola bilər, ya da strateji əhəmiyyətli obyektlərin xəbərləşməsində olan zəruri ehtiyacı qısa müddət ərzində bərpa edə bilər. Ancaq cəmiyyətin bütünlükdə ehtiyacını qarşılaya bilməz. Çünki o çox dar bir müddətdə istifadə olunacaq infrastrukturdur. Ancaq internet provayderinin şaxələnməsi daha çox mütləqdir. 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə bu problem Gürcüstanda yaşanmışdı. Bu aspektdən, təhlükəsizlik tədbirlərini artırmaq baxımından daha bir neçə internet provayderinin olması məqsədəuyğun olardı. Bundan başqa, bu sahədə monopoliya olmasa, internet provayderlərinin də qiymətində azalmanın şahidi olardıq. Bu gün demək olar ki, regionda ən bahalı internet istifadə edən ölkə hələ də bizik. Qonşu ölkələrdə - Rusiyada, Türkiyədə, Gürcüstanda internetin qiyməti daha ucuzdur. Bu baxımdan bu sahələrin monopoliyada olması həm təhlükəlidir, həm də ölkədə rəqabət mühitinin yaranmasının qarşısını alır”.

Qeyd edək ki, bu gün bir çox televiziya kanallarında bir neçə saat ərzində profilaktik tədbirlər olub. Aşağıdakı foto da bunun şahidi ola bilərsiniz:
 

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM