Ekspertlər dəhşətli qəzanın səbəbini açıqladı

13:16 | 21.09.2018
Ekspertlər dəhşətli qəzanın səbəbini açıqladı

Ekspertlər dəhşətli qəzanın səbəbini açıqladı

Avtomobil 90 km/saat və daha yüksək sürətlə piyadanı vuranda onun bədəni parçalana bilər. Amma avtomobilin içərisindəki adamın parçalanması üçün bundan xeyli yüksək sürət olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov dünən Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı danışarkən bildirib.

Ekspertin sözlərinə görə, şəhərin bu ərazisində baş verən bir qəzada faciəli şəkildə 4 nəfərin ölümü ağlasığmazdır:

"Belə faciələr əslində günümüzün qanunauyğunluğu da hesab edilə bilər. Yol hərəkəti qaydalarına, hərəkətin təhlükəsizliyinə son dərəcə biganə münasibət bəsləyənlər bu qədər çoxdursa, belə nəticələr gözləniləndir.

Avtomobil 90 km/saat və daha yüksək sürətlə piyadanı vuranda onun bədəni parçalana bilər. Amma avtomobilin içərisindəki adamın parçalanması üçün bundan xeyli yüksək sürət olmalıdır. Şəhərin belə bir ərazisində bu qədər yüksək sürətlə hara tələsirik görəsən?”

Nəqliyyat eksperti Elməddin Muradlı da qəza ilə bağlı bildirib ki, bu dəhşətə səbəb yüksək sürətdir:

"Maşın əvvəlcə bardürə, sonra isə işıq dirəyinə dəyərək parçalanıb. Kəmər taxmayan sürücü və sərnişinlər yerindəcə keçiniblər”.

Qeyd edək ki, dünən Nobel prospektində ölümlə nəticələnən faciəvi qəza baş verib. Qəzada iştirak edən "Hunday Sonata" markalı 99 MH 441 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olublar.

Qəza o qədər ağır olub ki, avtomobil tanınmaz hala düşüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb və araşdırmalar aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM