Enerji İnformasiyaları Adminstrasiyası (EİA) bu il ilk dəfə olaraq 2016-cı il üçün neft məhsullarına olan tələbat üzrə proqnozunu aşağı salıb.
Təşkilat bu dəyişikliyi Asiya bölgəsində yaranan iqtisadi yavaşlama ilə izah edib. Bununla da keçən ay 95,08 mln. barel həcmində proqnozlaşdırılan gündəlik neft istehlakı proqnozu 94,93 mln. barelə qədər azaldılıb.
"Report"un EİA-nın aylıq hesabatına istinadən verdiyi xəbərə görə, Administrasiyanın təhlilçisi Timoti Hessin fikrincə, bu azalma inkişafda olan bazarlarda müəyyən bədbin əhval-ruhiyyənin artmasını əks etdirir.
Qeyd edək ki, sentyabrın 8-də Pekində dərc edilən statistik hesabata əsasən, avqustda Çinin neft idxalı iyuldakı rekord həddən 13% azalaraq gündəlik 6,29 mln. barelə düşüb. "WTRG Economics" şirkətinin prezidenti Ceyms Uilyams hesab edir ki, ən vacib amil odur ki, neft məhsullarının istehlak dinamikası bilavasitə Asiya bölgəsindən asılıdır, çünki Avropada artım müşahidə olunmur. O, Beynəlxalq Energetika Agentliyinin də tezliklə neft məhsullarının 2016-cı il üzrə istehlak proqnozunu aşağı salacağını düşündüyünü vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !