İranın Livandakı səfirliyini hədəf almış intiharçı hücumu hansı qruplaşmanın törətdiyi məlum olub.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, “əl-Qaidə” terror təşkilatı terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Qeyd edək ki, bu gün İranın Livandakı səfirliyinin on metrliyində güclü partlayış baş verib. Nəticədə diplomatik nümayəndəliyin mədəniyyət attaşesi İbrahim Ənsari ölüb, səfirlik binasına isə ciddi ziyan vurub. Livanın paytaxtı Beyrut şəhərinin cənubundakı Zahiyə rayonunun əl-Cinah adlanan ərazisində baş vermiş partlayış zamanı ümumilikdə 23 nəfərin öldüyü, 146 nəfərin yaralandığı bildirilir.
Məlumatda iki kamikadzenin İranın Livandakı səfirliyinə hücuma cəhd edərək, binanın qarşısında üzərlərindəki partlayıcını partlatdıqları qeyd olunub.
APA