“Əl-Qaidə”nin 5 milyon dolları Azərbaycanda qeyb oldu

17:30 | 13.08.2015
“Əl-Qaidə”nin 5 milyon dolları Azərbaycanda qeyb oldu

“Əl-Qaidə”nin 5 milyon dolları Azərbaycanda qeyb oldu

"Qafqaz əmirliyi”nin maliyyələşdirilməsi üçün "Əl-Qaidə”nin göndərdiyi son 5 milyon dollar məbləğində tranş Azərbaycanda qeyb olub, bu barədə "Qazeta.ru”da dərc edilmiş ""Qafqaz əmirliyi”nin son günləri” adlı məqaləsinin müəllifi Danila Rozanov yazır.  

Müəllif qeyd edir ki, Dağıstanda xüsusi əməliyyat nəticəsində Maqomed Süleymanovun ölümü və pulların itməsi ümumiyyətlə, onun başçılıq etdiyi "Qafqaz əmirliyi” terror təşkilatının fəaliyyətinə son qoya bilər.

Ekspertlər hesab edir ki, Süleymanovun ölümündən sonra Şimali Qafqazda fəaliyyət göstərən radikal islamçılar arasında bu səviyyədə ruhani avtoritet qalmayıb.

Xatırladaq ki, Maqomed Süleymanov FTX (Federal Təhlükəsizlik Xidməti), Müdafiə Nazirliyi və DİN-in Daxili Qoşunlarının xüsusi bölmələrinin birgə keçirdiyi əməliyyat zamanı öldürülən 4 yaraqlıdan biridir.

"Bu ilin aprelindən o, "Qafqaz əmirliyi” terror təşkilatının başçısı elan edilib, yəni o, ümumiyyətlə, Şimali Qafqazda fəaliyyət göstərən bandit təşkilatlarının rəhbəri olub”, - Milli Antiterror Komitənin məlumatında deyilir.

Məhv edilənlərdən biri isə Kamil Səidov kimi tanınıb, o, Dağıstan vilayətinin əmiri olub. Süleymanov və Səidovun, eləcə də onların əlaltıları Ömər Süleymanov və Abdulla Abdullayevin ölümü Şimali Qafqazın gizli təşkilatlarnı dəstəkləyən saytların birində təsdiqlənib.

39 yaşlı Süleymanov bu ilin aprelindən "Qafqaz əmirliyi”nin lideri elan edilmişdi. "Qafqaz əmirliyi”nə Şimali Qafqazda fəaliyyət göstərən bütün radikal silahlı qruplaşmalar tabedir.

Dağıstan sakini olan Süleymanov Suriyada Fəth əl-İslami Şəriət universitetini bitirib, 2007-ci ildə yaraqlılara qoşulub.

2015-ci ilin may ayında Süleymanov "Qafqaz əmirliyi”nin lideri seçilir, o, burada Doku Umarov və onun xələfi Əliəshab Kebekovdan sonra üçüncü lider idi.  

Süleymanov öz sələfləri kimi yaraqlı-teoloq və qazi idi (ali şəriət hakimi). Dağıstanda Umarovun ölümündən sonra gizli təşkilatın liderləri sıxlaşıblar, indi burada əsas göstəricilərdən biri "İslam alimliyi” ənənəsi kök salıb. Amma deyəsən Süleymanovun ölümündən sonra ənənə sarsılacaq.  

"Şimali Qafqaz yaraqlıları arasında Süleymanov və Kebekov kimi adamlar qalmayıb, yəni onların arasında bu səviyyədə şəriəti bilən dini avtoritet yoxdu” – "Qafqazski uzel” nəşrinin redaktoru Qriqori Şvedov bildirib.

"Düşünürəm ki, növbəti lider daha çox döyüşən, nəinki dini mövzularda müzakirə aparan adam olacaq. Dindar yox, əli silahlı bir adam olacaq”, - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və regional təhlükəsizlik problemləri şöbəsinin baş elmi işçisi Əhməd Yarlıkapov bildirib.  

"Qafqaz əmirliyi”nin zəifləməsi Doku Umarovun ölümündən sonra gözə çarpdı. Son iki liderin seçilməsi bir çox çətinliklərlə üzləşib zaman aldı və şura olmadığı üçün bütün yaraqlılar tərəfindən qanuni hesab edilmədi.

"Bu seçkiləri kimin təşkil etdiyi belə məlum deyil, - Yarlıkapov izah edir. – Onları keçirmək üçün bu şurada qalanların və qərar qəbul edə bilənlərin hamısının yekdil fikri olmalı idi. Ona görə də liderin olmaması çox güman ki, uzun çəkməyəcək”.

Yarlıkapov deyir ki, "Qafqaz əmirliyi” beynəlxalq terror şəbəkəsi "əl-Qaidə” ilə (hazırda bu şəbəkə ilə İŞİD arasında sərt rəqabət var) bağlıdır və oradan maliyyələşdirilir. Ekspertin qənaətinə görə, onlar getdikcə daha çox İŞİD-ə yaxınlaşacaqlar və əl-Bağdadiyə biət edəcəklər. Artıq Şimali Qafqazdakı terrorçu qruplaşmalardan birinin "Qafqaz əmirliyi”indən ayrılıb İŞİD-ə biət etdiyi məlumdur.

"Qafqaz əmirliyi”nin ötən ilin sonlarından başlayaraq kəskin zəifləməsinin səbəbi budur ki, "əl-Qaidə”dən növbəti tranş gəlib çıxmadı. Son məlumatlara görə, belə maliyyə tranşlarından biri - 5 milyon dollar Azərbaycanda "əridi”, yoxa çıxdı. Zəncirin iştirakçılarından biri pulu sonrakı həlqəyə ötürə bilmədi”- Yarlıkapov deyir.//OXU.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM