Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə dindirilmək üçün çağırıldığı Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsindən çıxanda ləğv edilmiş MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkənlər tərəfindən təhqir olunub.
Virtualaz.org xəbər verir ki, vaxtilə MTN-in xüsusi təyinatlıları tərəfindən döyülən Elmidar Hüseynov və əri Eldar Mahmudovun xüsusi agenti olan "Akula Akif” ləqəbli Akif Mustafayev tərəfindən tora salınaraq həbsə atılan Sevinc Süleymanova adlı qadın keçmiş nazirin qarşısını kəsiblər. Onlar Eldar Mahmudovu güdərək İstintaq İdarəsindən çıxanda söyüblər və təhqir ediblər, habelə üzünə tüpürüblər.
Şikayətçilər danışır ki, onlar E.Mahmudovun qarşısını kəsərək soruşublar: "Necədi ifadə vermək, dindirilmək? 5 ildir bizim həyatımızı məhv edibsən, indi həyat sənin üçün nətəridi? Gəlmisən izahat verməyə?”.
Elmidar Hüseynov deyir ki, E.Mahmudov heç bir cavab verməyib, başını aşağı salıb və cangüdəninin, sürücüsünün müşaiyəti ilə 90 KU 868 dövlət nömrə nişanlı BMW avtomobilinə minərək uzaqlaşıb.
Digər şikayətçi Sevinc Süleymanova isə bunları deyir: "Biz Eldar Mahmudovun qurbanlarıyıq. 5 ildir bizim şikayətimizə əncam çəkilmədi. Eldar Mahmudov saat 13.14-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsindən çıxdı. Maşına oturub qaçdı, heç səsini də çıxarmadı. Bax belə, üzbəüz tüpürdük ona. Tüpürdük, söydük, sonra o qaçdı getdi, dalınca da qarğış elədik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !