Bu gündən etibarən "Elektron Təhsil” Respublika Müsabiqəsinə start verilib.
Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 sentyabr 2015-ci il tarixdə "Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir. Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək.
Müəllim istiqaməti üzrə "Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs”; "Təhsildə ən yaxşı İnternet texnologiyaları”; "Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs”; "Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd”; Şagird istiqaməti üzrə "ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur”; "Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs” nominasiyaları müəyyənləşdirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Müsabiqə "Dr. Web”, "AZEDUNET”, "Ultra”, "Edumediya Azərbaycan”, "Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !