Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşasının premyerası olacaq.
Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun "Zalamca” povestinin motivləri əsasında qələmə alıb. Əsərdə dramaturq Don sahilində yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.
Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın qurluşçu rejissoru Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur. Qeyd edək ki, B. Osmanov 2014-cü ildə Kalmık Milli Dram Teatrında Əli Əmirlinin "Sevən qadın” əsərini rus dilində tamaşaya qoyub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !