Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının yeni tərkibi təsdiqlənib.
Anews.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” 2009-cu il 19 may tarixli qərarında dəyişiklik edib.
Qərar "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının tərkibində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri daxil edilib. O cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri də Kollegiya üzvü olub. Bununla da Kollegiya üzvlərinin sayı 13 nəfərə çatıb.
Qeyd edək ki, bu, Əli Əsədovun Baş Nazir kimi imzaladığı ilk qərardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !