Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi Azərbaycanda bu dəfəki seçki qabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də Allah qoysa, bu ilki seçkiləri başa vuracayıq.
Bunu ANS-ə müsahibəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Onun sözlərinə görə, ölkədə keçirilən seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır.
"Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə sökənirik”, - deyə, Ə.Həsənov bildirib.
Ə.Həsənov həmçinin son vaxtlar valyuta bazarında baş verən proseslərə də toxunub:
"Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq.
Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun.
Prezident Administrasiyası hər bir vətədaşın narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir”.
Ə.Həsənov bildirib ki, hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun:
"Hesab edərəm ki, ajiotaja əsas yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !