Əli Həsənov: “Freedom House” təşkilatında Azərbaycan haqqında qərəzli stereotiplər formalaşıb”

14:35 | 02.05.2014
Əli Həsənov: “Freedom House” təşkilatında Azərbaycan haqqında qərəzli stereotiplər formalaşıb”

Əli Həsənov: “Freedom House” təşkilatında Azərbaycan haqqında qərəzli stereotiplər formalaşıb”

“Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır”.Bunu Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatını “AzərTAc”a şərh edərkən deyib. Onun sözlərinə görə, hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında qərəzli stereotiplər formalaşıb: “Bu gün Azərbaycanda yüzlərlə KİV, o cümlədən televiziya, radio, qəzet, jurnal, internet informasiya resursları, böyük jurnalist ordusu fəaliyyət göstərir. Həm ölkə qanunvericiliyi, həm də mövcud şərait medianın heç bir maneçilik olmadan sərbəst fəaliyyətinə tam təminat verir. Azərbaycanda söz və məlumat azadlığının inkişaf etdirilməsi, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, medianın inkişafına maneçilik törədən problemlərin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Geniş əlverişli fəaliyyət mühiti nəzərə alınmadan, hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan nəticələr əsasında real vəziyyətin təhrif edilməsi heç bir təşkilata, o cümlədən “Freedom House”a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, “Freedom House”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir”. İnternetin vəziyyəti ilə bağlı iddialara gəlincə, Ə.Həsənov deyib ki, bu gün informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biridir: “Ölkəmizdə yüzlərlə internet saytı, portalı və s. fəaliyyət göstərir. Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəçilərinin sayı isə iki milyona yaxınlaşıb. Təkcə Facebook sosial şəbəkəsində Azərbaycandan 1,2 milyon nəfər istifadəçi var və sürətli illik artım dinamikası müşahidə olunur. Bu faktlar Azərbaycanda internetin tam azad olduğunu və bu sahədə hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir. “Freedom House”un guya Azərbaycanda jurnalistlərin internet yazışmaları və telefon danışıqlarının nəzarətdə saxlanması, KİV-in yayımına peykdən müdaxilə və s. bu kimi mülahizələrinə gəlincə, deyə bilərik ki, göstərilən məsələlərə dair bütün dünyaya məlum olan digər zəngin “təcrübələr” var. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən bir ölkə kimi bəzi böyük dövlətlərin bu kimi “təcrübələr”indən deyil, insan haqlarına, media azadlığına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir. Buna görə də “Freedom House” “qaranlıq otaqda qara pişik axtarmaq” əvəzinə bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də öz nüfuzuna daha müsbət çalarlar gətirə bilər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM