"Bugünkü görüşdə tərəfləri maraqlandıran bütün mövzuları müzakirə elədik, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Əlbəttə, fərqli fikirlər də səsləndi, amma ümumi razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi - yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri olan mənimlə partiya rəhbərlərinin görüşü aktual hesab olunsun və davam etsin”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir sıra müxalifət partiyasının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.
Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: "Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”.
Ə. Həsənov deyib ki, görüşün formatı məsələsi də müzakirə olunub: "Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdır. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə, bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir”.
PA rəsmisinin sözlərinə görə, razılıq əldə olunan digər məsələ ondan ibarət olub ki, müzakirəyə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən edilsin: "Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün belə görüşlər, müzakirələr vacibdir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !