Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ötən gün Bakıda səfərdə olan iranlı jurnalistləri qəbul edib.
Bu barədə Trend İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə istinadən məlumat verir. Ə.Həsənov iranlı jurnalistlərlə görüşdə İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini vurğulayıb: “Azərbaycan jurnalistləri belə formatlar çərçivəsində Rusiya, Türkiyə və Orta Asiya ölkələrindən olan həmkarları ilə əməkdaşlıq edirlər. Azərbaycan mediası qonşu İran mediası ilə də müəyyən formatda əməkdaşlıq edə bilər və bu, ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərərdi”.
İran səfiri Möhsün Pakayinin də qatıldığı görüşdə Ə.Həsənov qeyd edib ki, ilk növbədə, Azərbaycan və İran KİV-ləri arasında əməkdaşlıq mərkəzi yaradaraq əlaqələri daha da möhkəmləndirmək, daha sonra digər müsəlman ölkələrinin KİV-lərini bu prosesə cəlb etmək olar. O, məsələni gələcəkdə İran səfiri ilə müzakirə edəcəyini söyləyib.
PA rəsmisi bildirib ki, KİV-lərin xalqın mədəniyyət və düşüncə tərzinin formalaşmasında rolu böyükdür. O, qeyd edib ki, Azərbaycan tərəfi İslam ölkələri mediasını əlaqələndirəcək əməkdaşlıq platformasının, xüsusilə Azərbaycan və İran KİV-ləri arasında belə bir qurumun yaradılmasını təqdir edir və İranda da aidiyyəti qurumların bu məsələyə diqqətlə yanaşacağına ümid bəsləyir.
Ə.Həsənov bəzi Azərbaycan və İran KİV-lərinin hər iki ölkə haqqında mənfi məlumatlar yaymağa çalışmasını tənqid edərək deyib ki, əgər KİV-lər müsbət amilləri daha çox önə çıxarsalar, şübhəsiz, bu, ikitərəfli əlaqələrin inkişafına da təsir edəcək.
Xatırladaq ki, İranın müxtəlif media orqanlarını təmsil edən altı nəfərlik heyət oktyabrın 14-dən Bakıda səfərdədir.
ANN.Az