“Əli və Nino” filmi haqqında bilmədiyiniz faktlar - Fotolar

16:58 | 04.03.2015
“Əli və Nino” filmi haqqında bilmədiyiniz faktlar - Fotolar

“Əli və Nino” filmi haqqında bilmədiyiniz faktlar - Fotolar

Məlum olduğu kimi, Bakıda məşhur "Əli və Nino” əsəri əsasında eyniadlı filmin çəkilişləri aparılır. Hazırda çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində gedir.

Buro 24/7 Azerbaijan filmin aparıldığı məkanlarda olub, çəkilişləri müşahidə edib və tarixi ekran əsəriylə bağlı maraqlı məqamları öyrənməyə müvəffəq olub.

"Əli və Nino" filmində əsas hadisələr İçərişəhərdə baş verir.

Bundan öncə mətbuatda "Əli və Nino" filmində çəkilən azərbaycanlı aktyorların siyahısında yalnız xalq artisti Fəxrəddin Manafovun adı çəkilsə də, əslində, burada bir çox tanınmış aktyorlarımız rol alıblar. Onların arasında əməkdar artistlər Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, aktyorlardan Rasim Cəfər, Dəniz Tacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd, Cəmilə Tağızadə və Cövdət Şükürov var.

Kadrarxası fotolardan da aydın olduğu kimi, hazırda əsərin baş qəhrəmanları olan Əli və Ninonun məktəb illəri səhnələri çəkilir. Əsərdə şəhər duması tərəfindən təşkil olunan və Nino Kipianinin də iştirak etdiyi balın çəkilişləri Azərbaycan Milli İncəsənət muzeyində aparılıb.

"...Sonra mənə Qarabağ atı barədə əfsanəni danışırdılar: onların məmləkətində hər şey gözəldir. Hər şeydən gözəl isə Qarabağ atı imiş. İran şahı Ağa Məhəmmədin öz hərəmxanasını bu heyvana görə kiməsə bağışladığı həmin o məşhur at (görəsən dostlarım bilirdimi ki, Ağa Məhəmməd xacə olub?). Dediklərinə görə, bu at az qala müqəddəs imiş. Bu mələz möcüzəsi, dünyanın ən gözəl atı, Qarabağın məşhur kürən-qızılı cins heyvanı doğulana qədər alimlər əsrlər uzunu baş sındırıb cütləşdirmə aparıblarmış". Əsərdə məşhur Qarabağ atları bu cür təsvir edilir. Film üçünsə Azərbaycan Atçılıq Federasiyasına məxsus atlar, eləcə də nadir növ Qarabağ atlarından istifadə olunur.

Bir çoxlarını maraqlandıran digər məqam isə dünya şöhrətli aktyorların Azərbaycan filmində hansı rolları ifa etmələridir. "Sultan Süleyman" obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ergenç filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq.

Xalq artisti Fəxrəddin Manafov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin, Pərviz Qurbanov isə digər Bakı milyonçusu Musa Nağıyevin obrazında görünəcək. Nigar Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın rolunda olacaq.

Gənc aktrisalar Dəniz Tacəddin və Xumar Səlimova Nino Kipianinin rəfiqələridirlər. Mehriban Zəki Ninodan "cavan oğlanın yeganə arvadı olmaq yorğun deyilmi?" deyə, soruşan Əli xanın bibisi Sultan xanımın rolunu canlandıracaq. Pərviz Məmmədrzayevi Qoçu obrazında, Cövdət Şükürovu isə rus zabiti obrazında görəcəyik.

"Toni" və "Emmi" mükafatı laureatı Mendi Patinkin Ninonun atası Knyaz Kipianini, danimarkalı aktrisa Konni Nilsen isə Knyaginya Kipianini canlandıracaq.

Filmdə dini əqidəyə bağlı olan və oğlunun da bir müsəlman kimi yaşamasını istəyən Əli xan Şirvanşirin atası obrazını iranlı aktyor Humayun Ərşadi oynayacaq.

Filmlə bağlı digər maraqlı faktlardan biri burada istifadə olunan avtomobillərdir. Nəqliyyat vasitəsi kimi filmdə 1914-cü il istehsalı olan Dodge avtomobillərindən istifadə olunur. Onlardan biri Kipiani ailəsinə məxsusdur.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Qeyd edək ki, müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Köhnə Bakı
Hadisələr, haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncə uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda hekayə edilənlər əslində onun gündəliyidir...

ANN.Az
 













0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM