ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb.
Müsahibə zamanı səfir E.Süleymanov sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan "Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğulayıb. Fikrin davamı olaraq, səfir "Əsrin müqaviləsi” ilə neftdən gələn gəlirlər hesabına Azərbaycanın bu gün ölkə və regionda böyük infrastruktur layihələri həyata keçirdiyini və bunun artıq öz bəhrəsini verdiyini söyləyib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !