İstanbul Bələdiyyə Teatrlarının ən nüfuzlu Muhsin Ertuğrul səhnəsində xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşası göstərilib.AzərTAc xəbər verir ki, Elçinin Türkiyənin mədəni həyatında mühüm hadisə olan “Ulduzlar altında ölüm” (“Qatil”) əsərinin tamaşasının və “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin – “Şekspir”in tamaşası böyük əks-səda doğurub. Tamaşada Xalq Yazıçısı, müəllif Elçin Əfəndiyev, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İstanbul valisi Hüseyn Avni Mutlu, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları olublar.İstanbul Bələdiyyəsi Teatrlarının müdiri Hilmi Zafer Şahin bildirib ki, “Şekspir” pyesini Türkiyədə səhnələşdirmək ideyası “Qatil” tamaşasını Bakıda nümayiş etdirdiyimiz zaman professor Nərgiz Paşayevanın istanbullu aktyorları “ÜNS Yaradıcılıq Səhnəsi”nə dəvət etməsindən sonra yaranıb. Burada rejissor Bəhram Osmanovun quruluşunda tamaşaya baxdıqdan sonra mən bu maraqlı əsəri Türkiyədə tərcümə etmək və səhnələşdirmək istədiyimi bildirdim. Teatrın bədii şurası da əsəri repertuara daxil etdikdən sonra gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik.Tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasının da quruluşunu vermiş, habelə İstanbul teatrlarında Xalq Yazıçısı Anarın “Təhminə və Zaur”, Xalq Şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərini də səhnələşdirmişdir. Onun sözlərinə görə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının onların arasında xüsusi yeri vardır.Türkiyənin tanımış dramaturqu Tuncer Cücenoğlu Xalq Yazıçısı Elçini on beş ildir tanıdığını, onun hər əsərinin Türkiyədə səhnələşdirilməsinin mədəni həyatda əlamətdar hadisə olduğunu deyib. Özünün də pyeslərinin Azərbaycanda səhnələşdirildiyini qeyd edən türkiyəli yazıçı vurğulayıb ki, iki qardaş ölkə dramaturqlarının əsərlərinin təbliği xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlığının bir örnəyidir. Artıq, Türkiyə və Şimali Kipr teatrsevərləri Elçini öz dramaturqları kimi tanıyır və sevirlər.Türkiyənin tanınmış aktrisası Suna Keskin də böyük həvəslə tamaşa etdiyi bu əsərdə təqdim olunan bəşəri mövzuların hər bir insanı ömür boyu düşündürdüyünü söyləyib. Onun sözlərinə görə, hər bir sənətçi üçün tamaşaçını düşündürən rolu oynamaq olduqca maraqlıdır. Məhz bu tamaşada belə rollar çoxdur və türkiyəli aktyorlar azərbaycanlı dramaturqun düşüncələrini tamaşaçıya məharətlə çatdırdılar.Türkiyənin tanınmış səhnə ustaları - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin əsərə və ifalarına yaradıcı münasibətləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlayıb. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yad planetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlərdir.Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür.Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm və tragikomik hadisələr təqdim olunur.Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edir.İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası İstanbul Bələdiyyə Teatrlarının Üsküdar və Ümraniye səhnələrində də göstərilib. Tamaşanın aprel-may aylarında Bakıda da nümayiş etdirilməsi planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !