Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edir.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, festivalın təntənəli açılış mərasimində Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edib. "Azərbaycan Dövlət Musiqili Teatrı dünyanın 20-yə yaxın ölkəsininin teatr kollektivlərinin qatıldığı bu nüfuzlu festivalda iştirak etdiyi üçün iftixar və qürur hissi duyur. Həm də bu bizim üçün böyük bir məsuliyyətdir. Bizim teatrın 107 yaşı var. Teatrımızın əsası 1910-cu ildə məhz festivalda nümayiş etdirəcəyimiz dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. İnanıram ki, ölkəmizi, Azərbaycan teatr sənətini bu mötəbər tədbirdə layiqincə təmsil edəcəyik”, - deyə Ə. Lalayev çıxışı zamanı söyləyib.
Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq "Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Təbrizdə göstəriləcək tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa edəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !