Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə prioritetlərini açıqlayıb. APA-nın verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxış edən Elmar Məmmədyarov Azərbaycanın korrupsiya sahəsində səylərini gücləndirəcəyini, bununla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcəyini bildirib. Xarici işlər naziri qeyd edib ki, Azərbaycan sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək. Azərbaycanda il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək: “Fikir müxtəlifliyi çox önəmlidir, biz bir-birimizi dinləməyi bacarmalıyıq. Mən AŞPA üzvlərini Azərbaycanda keçirilən tədbirlərdə iştiraka dəvət edirəm”. Elmar Məmmədyarov bildirib ki, tarixən Azərbaycanda islam, xristian və yəhudi icmaları tolerantlıq şəraitində yaşayıb: “Bu 3 əsas din Azərbaycan kimi kiçik ölkədə bir arada yaşayır. Azərbaycan bir antisemitizm halı müşahidə olunmayıb. Bu, bizim səylərimiz nəticəsində yaranan dözümlülükdür”. Xarici işlər naziri Cənubi Qafqazda ümumdaxili məhsulun 70 faizinin Azərbaycanda istehsal edildiyini nəzərə çatdırıb. Azərbaycanın iqtisadi uğurlarından danışan Elmar Məmmədyarov ölkədə hazırda yoxsulluğun 5,3 faizə endiyini açıqlayıb: “Azərbaycanın iddialı planları var. 2020-ci ilə qədər inkişafla bağlı konsepsiya qəbul edilib. İnkişaf ilk növbədə enerji resurslarının idarə edilməsindən asılıdır. Neft sektoru ilə bərabər qaz sektorunun inkişafı da önəmlidir. Şahdəniz qaz yatağının işlənməsi və TANAP kəmərləri ilə bağlı imzalanan müqavilələr çox mühümdür”. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına toxunan Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir: “BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə bu 4 qətnamə əsasında həll olunmalıdır. Münaqişə ölkələrin ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması prinsipləri ilə həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri bir gün sonra icra olunub, Ancaq Azərbaycanla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu, ikili standartlarla bağlıdır. BMT qətnamələri gec-tez icra olunacaq. Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxacaq, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Ermənistan da bundan qazanacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !