Bizimyol.info xəbər verir ki, bu barədə qərar yanvarın 8-də məhkəmədə elan olunub. Yunis Səfərov və digər 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxır.
Yunis Səfərov
Bir gün əvvəl məhkəmədə Yunis Səfərov özü ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevdən imtina etmiş, yaxınlarına səslənərək, vəkil Elçin Sadıqovla müqavilə bağlamalarını istəmişdi. Onun qohumları istədiyi vəkillə müqavilə bağlayıblar. Lakin hakimlər E.Sadıqovun onun hüquqlarını müdafiə etməsinə icazə verməyib. Bildiriblər ki, onun haqqında prokurorluğun 5 sentyabr 2019-cu il tarixli qərarı var. Qərara əsasən, E.Sadıqov vəkil etikasına riayət etmədiyinə görə Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.
Hakimlər Y.Səfərovun dövlət hesabına vəkildən imtinasını da qəbul etməyib. Hərçənd, Y.Səfərov deyir ki, E.Ağayev vəkil kimi onun hüquqlarını faktiki müdafiə etmir. Hüquqları pozulsa da, vəkil heç bir addım atmır, əksinə, onun heç bir şikayəti olmaması barədə açıqlamalar verir.
Məhkəmə zalında iştirak edən E.Sadıqov bildirib ki, hazırda baxılan cinayət işi ilə onun uzaqlaşdırıldığı iş eyni deyil. Vəkilin sözlərinə görə, Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılması barədə prokurorluğun qərarı da istintaq dövrü üçün keçərli idi, məhkəmədə yox: "Prokurorluğun qərarı məhkəmə dövrünü əhatə edə bilməz”.
Birinci məhkəmə iclasında təqsirləndirilən şəxslər əlləri qandallı saxlansalar da, bu gün hakim qandalların açılmasına göstəriş verib. Vəkillər də məsələ qaldırmışdılar ki, əgər şəxs qaydaları pozmursa. Onun məhkəmə önündə qandallı saxlanması ədalət mühakiməsi prinsiplərinə ziddir.
"Biz bu jesti eləyirik, amma unutmayın ki, artıq-əskik nəsə olsa, yenə qandallar taxılacaq. Bəziləri deyir ki, ay Avropa Məhkəməsinin qərarlarına ziddir, nə bilim... Avropa Məhkəməsində təkcə ələ yox, lap ayağa da qandal vururlar”, - deyə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev bildirib.
Məhbubə Əzizova
Təqsirləndirilən şəxslərdən Mahir Əzizovun anası Məhbubə Əzizova məhkəmənin gedişindən narazıdır. O bildirib ki, oğlunun işinə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasa, özünə qəsd edəcək: "İlk iclaslardan göründü ki, bunların obyektiv, ədalətli qərar çıxarmaq fikri yoxdur. Bizim də vəkilimizi bu işə buraxmadılar. Əvəzində dövlət hesabına vəkil təyin ediblər, ondan da çox narazıyıq. İnanın, intihar həddindəyəm. Belə davam eləsə, özümə qəsd edəcəm”.
Sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə olunan 12 nəfər bunlardır: Abdullayev Hamlet Ramiz oğlu, Əzizov Mahir Əziz oğlu, Əliyev Akif İsmayıl oğlu, Mustafayev Rasim Hafiz oğlu, Qurbanov Ceyhun Ələkbər oğlu, Zeynalov Firudin Etibar oğlu, Zalov Cəfər Mürsəl oğlu, Məmmədov Vüqar Vaqif oğlu, Salahov Ceyhun İsrayıl oğlu, Bağırov Anar İslam oğlu və Sərxani Ağa Hüseyn oğlu.
Adları çəkilən şəxslərdən Ağa Sərxani və Anar Bağırov tutularkən əməliyyat zamanı öldürülüb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var. Bu maddələrdə 20 ilə qədər, hətta ömürlük həbs də nəzərdə tutulub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !