“Elşən İsmayılovun ailəsi düz hərəkət etməyib” - Rasim Əliyevin anası

13:48 | 16.09.2015
“Elşən İsmayılovun ailəsi düz hərəkət etməyib” - Rasim Əliyevin anası

“Elşən İsmayılovun ailəsi düz hərəkət etməyib” - Rasim Əliyevin anası

"Elşən İsmayılovun yaxınları bizim evə gəliblər, amma Rasimin əmisi onları evə buraxmayıb” - döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ANN.Az-a açıqlamasında bildirib.

Mərhum jurnalistin anası Teyfurə xanım olunun ölüm işi ilə bağlı şübhəli şəxs qismində saxlanılan Elşən İsmayılovun yaxınlarının onlara gəldiklərini deyib: "Ötən cümə axşamı günü biz Rasimin qəbrinin ziyarətində olarkən Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun yaxınları evə gəliblər. Onları yoldan Rasimin əmisi qaytarıb, deyib ki, bura gəlməklə düz hərəkət etməmisiniz. Çox yaxşı ki, evdə olmamışıq. Onları qətiyyən görmək istəmirəm. Bizim evə gəlməklə də heç düz hərəkət etməyiblər”. 

Mərhumun anası daha sonra əlavə edib ki, sabah Rasimin ölümündən 40 gün keçir: "Bu 40 gün bizə 40 ildən də betər oldu. Övlad acısını heç bir valideynə arzulamıram. Çünki bir ana üçün balanın yerini heç kim əvəz edə bilməz”. 

İstintaqla bağlı heç bir yeni xəbər ala bilmədiklərini deyən Teyfurə xanım vəkil Əsabəli Mustafayevlə tez-tez əlaqə saxladıqlarını bildirib: "Biz də bütün günü təzə xəbər gözləyirik, amma yeni bir məlumat yoxdur. İstintaq davam edir. Yas mərasiminə başımız qarışıb deyə prokurorluğa da tez-tez gedə bilmirik. Yas mərasimindən sonra Bakı şəhər Prokurorluğuna gedib müstəntiqlərlə görüşməyi düşünürük”.     

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov kiprli bir jurnalistin "matçda niyə Türkiyənin bayrağını qaldırdınız" sualına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o, Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM