"Çelsi" və "Arsenal" klublarına ayrılmış biletlərdən satılmayanları Bakıya göndərilib

19:30 | 23.05.2019

"Çelsi" və "Arsenal" klublarına ayrılmış biletlərdən satılmayanları Bakıya göndərilib

FFA İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının Bakıdakı Avropa Liqasının final oyunu üçün biletlərdən imtina etməsinə dair iddialara aydınlıq gətirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında UEFA-nın "Çelsi"yə verdiyi 6 min biletdən 3500-ünü, "Arsenal"ın isə 4500-ünü öz azarkeşlərinə satdığını bildirib.

Federasiya rəsmisi bildirib ki, həlledici qarşılaşmaya vaxtın az qaldığını və Azərbaycanda biletlərə tələbatın çox olduğunu nəzərə alan AFFA UEFA-ya müraciət edərək, qalan 4000 biletin Bakıda satılması üçün müraciət edib: "Burada biletə tələbat çoxdur. Gün ərzində bununla bağlı yüzlərlə zəng qəbul edirik. Həmin 4000 bilet artıq Bakıya göndərilib və dünəndən etibarən iTicketin kassalarında satışa çıxarılıb".

F.Abdulla həmçinin hər iki komandanı izləmək üçün Bakıya yetərincə fanatın gələcəyini söyləyib: "Klublara UEFA tərəfindən 6 min biletin verilməsi o demək deyil ki, bu sayda da azarkeş gələcək. Bu, klublar üçün verilir ki, azarkeşlər bileti daha rahat əldə edə bilsinlər.

"Arsenal" azarkeşlərinin həmin biletlərdən savayı bilet almadıqlarını heç kim inkar edə bilməz. Həmin sayda bilet ona görə ayrılır ki, bütün biletlər satılar və komandanın azarkeşinə qalmaz. Klubun azarkeşinin UEFA-nın saytı vasitəsi ilə də bilet əldə etmək imkanı var. Məcbur deyil ki, klubun satışa çıxardığından alsın".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM