"Azərbaycanda işçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlər 3 il müddətinə azadlıqdan məhrum ediləcək". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bəzən işəgötürənlər tələb olunan mütləq göstəriciləri əmək müqaviləsində əks etdirmirlər.Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İnzibati Xətalar Məcəlləsinə müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimə tətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə, cərimənin tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda Cinayət Məcəlləsinə də dəyişiklik edilib ki, buna əsasən, işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb olunması ilə bağlı işəgötürənlər 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum ediləcək.Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri
Sahib Məmmədov ANN.Az-a açıqlamasında mövcud dəyişikliyi şərh edib.S.Məmmədov açıqlamasında bildirib ki, ağırlaşdırıcı yük yenə kiçik və orta müəssisələrin üstünə düşəcək: “Dəyişikliyə görə əmək müqaviləsini bağlamayan və ya düzgün bağlamayanlara qarşı 8 minə qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. İnzibati Xətalar Məcəlləsində bu günə qədər əmək müqaviləsi bağlamayan və ya düzgün bağlamayan hüquqi şəxslərə 25 min manat, vəzifəli şəxslərə 3-5 min manat, əgər əmək müqaviləsi əcnəbi ilə bağlanmayıbsa, 30-35 min manat cərimə nəzərdə tutulurdu. Amma hamının, o cümlədən dövlət orqanlarının da yaxşı tanıdığı xarici şirkətlər və ya elə özümzün şirkətləri var ki, heç biri bu qanuna əməl etmir və həmin orqanlar o şirkətlərə yaxın belə getmir. Belə olan halda yenə yük düşəcək kiçik və orta müəssisələrin üstünə ki, burda da heç bir səmərəli effekt verməyəcək. Halbuki potensial işçi qüvvəsi həmin şirkətlərdədir ki, ora dövlət orqanlarının heç birinin de-fakto nəzarəti yoxdur. Elə Türkiyənin Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlərinə demək olar ki, heç bir nəzarət mexanizmi yoxdur. Təbii mən bu dəyişikliyi lazımlı hesab edirəm, amma müəyyən faktorlar ki, onlar aradan qaldırılmalı idi, sonra qərar verilə bilərdi. Əmək müqavilələrin qeydiyyatının aparılması da yaxşı effekt verməyəcək. Yəni əmək bazarının bir qədər də gizli olmasına gətirib çıxardacaq”
SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !