Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi Karl Heinrich Marx (1818-1883) bütün həyat işi hesab etdiyi «Kapital» (1867) əsərində (tam adı – «Kapital. Siyasi iqtisadın tənqidi»; alm. Das Kapital. Kritik der politischen Ökonomie) (I cild – «Kapital istehsalı prosesi») kapitalizmin əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşflər etmişdir.
Əsərin 1-ci cildi bilavasitə kapital istehsalı, 2-ci cildi tədavül, 3-cü cildi isə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı proseslərindən bəhs edir.
«Kapital» Marksın siyasi iqtisad üzrə baş əsəridir. Əsərdə dialektik-materializm yanaşması ilə kapitalizm təsərrüfatı başdan ayağa kritik analiz olunub.
«Kapital» – iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. Bir sözlə ifadə etmək olarsa Marks iqtisadi kateqoriya olan dəyərə – əmtəə istehsalında ictimai zəruri əhəmiyyət daşıyan əmək baxımından yeni tərif verib.
«Kapital»ın qızıl xətti ondan ibarətdir ki, tarix insan əməyi nəticəsində yaranıb. Bütün tarix boyu bir qrup insan (kapitalizmdə burjuaziya), istehsal vasitələrinə sahib çıxaraq bundan məhrum olan əməkçiləri (kapitalizmdə proletariat və ya fəhlələri) aşağı sosial sinif nümayəndələri kimi işlədərək müxtəlif məhsullar istehsal edib. Marksa görə istismar edilən qrupla (2-cilər) onları istismar edənlər (1-cilər) arasında daim müxtəlif miqyaslı mübarizə (münaqişə) olub.
Əsərdə ən çox söhbət gedən izafi dəyər anlayışı əslində Marks tərəfindən kəşf olunmayıb, ondan qabaq Adam Smith və David Ricardo bu kateqoriyaya diqqət yetirib, hətta onun haqqı ödənilməyən əmək olduğunu iddia etmişlər, başqa heç bir şey... Marks isə izafi dəyərin tərifini vermək üçün əvvəlcə dəyər anlayışını analiz etmiş, izafi dəyərin haqqı ödənilməyən əmək deyil, mənimsənilən işçi qüvvəsi olduğunu sübut etmişdi. İzafi dəyərin izahını verərkən müəllif pul və əmtəə kateqoriyalarını elə təfsilatıyla araşdırmışdır ki, sonradan həmin nəzəriyyələri hətta Marksın opponentləri belə qəbul etmişlər.
KONSPEKT HAQQINDA
Konspekt haqqında ilk dəfə eşidənlər çox güman «Marks kimi dahinin əsərini necə konspektləşdirmək olar?» və ya «buna kimin cəsarəti çatar?» deyə ilk növbədə düşünəcəklər.
Həmin suallara cavab verməyə çalışaq.
«Kapital»ın 1-ci cildinin dərc olunmasından nə az, nə çox – düz 150 il keçir. Marks bu əsəri 10 il ərzində kapitalizmin dünyada ən çox inkişaf etdiyi ölkədə – İngiltərədə (London) yaşayarkən yazıb yaratmışdı. O zamanlar əhalinin şüur-savad səviyyəsini, psixoloji durumunu ətraflı analiz edərkən asanlıqla müəyyən eləmək olar ki, Marks əsərində bəhs etdiyi əsas iqtisadi kateqoriyalar – əmtəə, dəyər, pul, izafi dəyər, iş vaxtı, əmək və onun dəyəri və s. və i. a. həmin dövrün insanları üçün (hətta indiki dövrün də əksəriyyəti üçün) heç zaman düşünüb anlamadığı, mücərrəd, insan zəkasının dərk etmədiyi anlayışlar idi. Marks özünün son dərəcə dəqiq təhlilini maksimum dərəcədə çox insana çatdırmaq üçün (o hər şeydən əvvəl inqilabçı idi – kitab yazmaqda da məqsədi xalq kütlələrini ayıltmaq olub) bütün zamanlar üçün keçərli bir üsuldan – müxtəlif misallar çəkmək üsulundan məharətlə istifadə etmişdi. Kitabı bütövlüklə oxuyan hər kəs bilir ki, Marks ən sadə anlayışı belə izah etmək üçün bəzən 3-4 misal (statistika, hesabatlardan çıxarışlar, tarixi hadisələr və nümunələr, hekayə, şeir, rəvayətlər və hətta reseptlər) çəkirdi. Bir misala bəzən kitabın 2-3 səhifəsi sərf olunub... Biz çalışıb həmin misalların sayını minimuma endirmişik. Ən əsas ixtisarlar isə iqtibaslarla (bookmarks) gedib. Orijinalı bizim konspektlə müqayisə edən olsa o dəqiqə gözə çarpar ki, biz konspekti yüzlərlə iqtibaslardan (əksəriyyəti indiki oxucu üçün tamamilə gərəksiz) – sitat və istinadlardan azad etmişik. Hesab etsək ki, Marks yəhudi hövsələsi və alman dəqiqliyi ilə müəllif haqlarını qoruyaraq bircə sitatı belə iqtibassız buraxmamışdır, onda kitabın orijinalında 1000-ə yaxın (!) iqtibasın (bəziləri 2-3 səhifə həcmində) tutduğu yeri təsəvvür etmək çətin deyildir.
Konspektin üstünlüyü təkcə onun yığcam olmasında deyil. Biz orijinalın ən sadə və bir dəfə oxumaqla anlaşılan məzmununu saxlamağa çalışmışıq. Kitabı nisbətən çətin qavranılan ağır cümlələrdən azad etmişik, imkan daxilində və zaman çərçivəsində o cümlələri təzələri ilə əvəz etmişik.
Təəssüflə qeyd edək ki, konspektdə də Marksın ağır cümlə quruluşu saxlanılıb. Ümumiyyətlə əsərlə tanış olduqda hiss edəcəksiniz ki, əsəri yüngülləşdirmək üçün tərcümədə əzəldən tamamilə başqa bir yanaşmadan istifadə eləmək lazım idi, amma güman etmirik ki, bu, nə 60-cı illərdə – kitab azərbaycan dilinə ilk dəfə tərcümə olunan dövrlərdə – nə də indiki zamanda aktual və praqmatik yanaşma olsun. İllah da ki, Marksın ağır üslubunun obyektiv izahı var.
Əvvəla, mövzu özü olduqca qəlizdir , ikincisi, bildiyiniz kimi Marks almandilli olub. Bu dildən başı çıxanlar isə bilməmiş deyil ki, almancanın cümlə quruluşu özü başqa dillərdən xeyli fərqlənir. Məsələn, almancada çox zaman mənanı cümləni sona qədər oxumayana qədər tutmaq olmur, cümləni daha rahat anlamaq üçün sanki onu hər birinin öz mənası olan fraqmentlərə bölmək lazımdır. Fikrimizi izah etmək üçün, həmçinin, kitabın üslubunu tam xarakterizə etmək üçün bir misal çəkək.
Aşağıdakı cümlə ilə Marks iş qüvvəsinin dəyərini izah edir:
İş qüvvəsinin dəyəri, orta bir fəhlənin adət edilmiş zəruri yaşayış vasitələrinin dəyəri ilə müəyyən olunur.Ortabab bir fəhlənin iş qüvvəsinin dəyəri, onun yaşamağı üçün adətən sərf etdiyi zəruri yaşayış vasitələrinin dəyəri ilə ölçülür.
Soldakı cümlə tamamilə Marksın üslubunda yazılmış və azərbaycan dilinə hərfi tərcümə olunmuş orijinaldır. Onu hətta hazırlıqlı adam belə bir neçə dəfə oxumadan mənasını başa düşmür. İndi sağdakı cümləyə baxın. Burada artıq alman üslubu (nisbətən) dağıdılıb, cümlə fraqmentlərə parçalanaraq azərbaycandilli oxucunun məntiqinə uyğun qurulub...
Marksın bioqrafiyası ilə az-çox tanış olanlar bilirlər ki, o həm də jurnalist, qəzet redaktoru olub. Bu isə onun yazdığı əsərlərə, daha doğrusu, üslubuna birbaşa təsir edib. «Kapital» da başdan-ayağa kəskin tənqidi ruhda yazılıb, kitabın bəzi hissələri uzun qəzet məqalələrini xatırladır. Marks çox vaxt mövzudan yayınaraq, məsələn, keçmiş bir iqtisadçının mövqeyini yıxıb-sürüyür, bu isə kitabda bəzən səhifələrlə yer tutur. Təbii ki, biz konspekti indiki dövrdə qəti aktual olmayan çoxlu belə tənqidi hissələrdən azad etmişik, bu isə kitabın xeyli yüngülləşməsinə gətirib çıxarıb.
Konspektdə orijinalın ağır, çox yer tutan tərtibatı da tamamilə dəyişdirilərək sadələşdirilib, hissə bölümlərindən imtina edilərək, ancaq bölmələr saxlanılıb.
Nəticədə kitabın səhifə sayı azı (!) üç dəfə qısaldılıb.
Rafiq Məmmədli
+994 50 213-56-30
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !