Qabil Hüseynli: “Ermənilər bu hadisədən beynəlxalq təbliğatda istifadə edirlər”; Azər Rəşidoğlu: “General anlaya bilməyib ki, bütün bunlar bir tələ ola bilər”
“Erməni diversantın Azərbaycanda ölməsindən ermənilər təbliğatı planda geniş şəkildə istifadə etməyə başlayıblar. Onun ölümü ilə əlaqədar Azərbaycan xalqının xasiyyəti, mentaliteti haqda şantaj xarakterli sözləri təkrar edirlər. Mənə belə gəlir ki, onunla bu cür davranılmamalı idi. Ermənilər içki düşkünü, xəstə, yarımcan adamı öyrədib göndərmişdilər. Xüsusi geyimli şəxslərin simasında onun general-leytenant Rövşən Əkbərovun qəbuluna gətirmək məntiqsiz idi”.Bu sözləri “Yeni Müsavat”a politoloq Qabil Hüseynli Tovuzda tutulan erməni diversant Karen Petrosyanın qəfil ölümü ilə bağlı danışarkən dedi. Q.Hüseynlinin sözlərinə görə, Petrosyan həyəcan içərisindəydi və ona siyasi xarakterli sualların verilməsi mənasız idi: “Özü də nə rusca, nə azərbaycanca bilirdi. Çox təəssüflər olsun ki, ermənilər bu hadisədən beynəlxalq təbliğatda istifadə edirlər, dünya sosial şəbəkələrinə çıxarırlar. Ermənilərin həmin adamı diversiya məqsədi ilə göndərməsinə inanıram. Bundan qabaq səfeh qocanı göndərmişdilər. Qəsdən silahsız səfehləri üstümüzə göndərirlər. Onların da çoxu alkoqolik olurlar. Kəlbəcərdə bir əsirimizin öldürülməsindən sonra ermənilərin əleyhinə dünyada iş gedirdi. Tovuzda tutulan diversantın ölümü isə o işi dayandırdı. Sanki hazırlanmış bir aksiya idi". * * *Siyasi şərhçi hesab edir ki, ermənilərin bu aksiyada məqsədlərini başa düşüb, onları ifşa edəcək tərzdə davranmadıq: “Tovuzda kənd camaatı daha müdrik hərəkət edirdi, ona qabağına çay qoyurlar, suallar verirdilər. Bu adam da yerli camaatın mühitində özünü daha rahat hiss edirdi. Amma hərbçilər elə davranır ki, sanki bir erməni batalyonu, Ermənistan Müdafiə Nazirliyindən kimisə tutublar. Bu faktı çəkib sosial şəbəkələrə yaymağın mənasını başa düşə bilmirəm. Həmin vəziyyətdə kəlbəcərli Dilqəm Əsgərovu da erməni generalın yanına aparmışdılar. Amma biz o generalın üzünü görmürük, suallarını eşitmirik. Rövşən Əkbərov isə soruşur ki, niyə müharibə edirsiniz, nə üçün camaatı sakit yaşamağa qoymursunuz. Bu bədbəxt bu suallara cavabı haradan bilsin? Bir alkoqolikdir, həyəcan içindədir. Yəni, ermənilər tərəfindən ustalıqla qurulmuş tələ idi. Onlar bu hadisədən xal götürə biləcəklər, artıq dünya sosial şəbəkələrində yayıblar".Siyasi ekspert deyir ki, söylədikləri heç də erməni xalqının mədəni, humanist olduğu anlamını vermir: “Onlar Xocalıda uşaqlarımızı süngüyə keçiriblər, qocaları, cavanları vəhşiliklə öldürüblər. Amma indi qolu çırmanmış hərbçilərin əllərində avtomatla onun qollarını burub, başını tutub Rövşən Əkbərovun qəbuluna gətirmək başa düşülən deyildi”.Q.Hüseynli erməni diversantın ölümündən sonra Kəlbəcərdəki girovlarımızın qaytarılması perspektivinin çətinləşdiyini düşünür". ***Siyasi icmalçı Azər Rəşidoğlunun fikrincə, informasiya savaşını ağıllı adamlar aparmalıdırlar: “Erməni əsirin istər saxlanılması, istərsə də telekanallar qarşısında dindirilməsi hamıda bir çox suallar yaratdı. Əvvəla, cavab verilməlidir ki, bu adam Azərbaycan ərazisinə necə keçə bilib? İkincisi, hansı səbəbə görə onu hərbçilər yox, Tovuzun Ağbulaq kənd sakini tutub, zərərsizləşdirib? Bu suallar açıq qalıb. Eyni zamanda erməni əsir saxlanarkən ilk video görüntüdə mülki geyimdədir, sonra hərbçi geyimində olur. Bu detalı kim və hansı səbəbə nəzərə almadı? Üstəlik, Rövşən Əkbərovun kameralar qarşısında özünü bu şəkildə aparması ölkəmizin beynəlxalq imicinə ağır zərbə vuracaq". A.Rəşidoğlu deyir ki, erməni əsir daim həkim müayinəsindən keçməli idi: “Ən azı belə bir şübhə var idi ki, o ölümcül xəstədir və ermənilər bilərəkdən onu Azərbaycana keçiriblər. Yəni, bu məsələnin bir informasiya savaşı olduğunu nəzərə almalı idilər. Rövşən Əkbərova isə görünür reklam olunmaq lazım idi. Onun informasiya savaşı barədə məlumatı ya yoxdur, ya da general anlaya bilməyib ki, bütün bunlar bir tələ ola bilər”. Yada salaq ki, avqustun 7-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon Ağbulaq kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılmışdı. Avqustun 8-də səhər saatlarında isə K.Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial infarkt səbəb olub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !