Erməni kəşfiyyat-təxribat qrupunun üzvü barədə həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluğunun mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan məlumata görə, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb.
Fakt üzrə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7., 29,120.2.12. və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçən A. E. Baqdasaryan Ermənistan Respublikası tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən silahlı cinayətkar birliyin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib. O, birliyin rəhbəri – hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb.
Bu məqsədlə A. E. Baqdasaryan cinayətkar birliyin digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə birlikdə 26 dekabr 2014-cü il tarixdə saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında basdırdıqdan sonra geri qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində tutulub və onun tərəfindən basdırılan minalar zərərsizləşdirilib.
İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.E.Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, eləcə də onun torpağa basdırdığı minalardan birinə, həmçinin digər iki ədəd minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin olunub və şahidlər dindirilib.
Törətdiyi cinayətlərə görə A. E. Baqdasaryana Azərbaycan Cinayət Məcələssinin 218.2., (Cinayətkar birlik - təşkilatda iştirak etmə) 29,120.2.1., (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə) 29,120.2.7. (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) 29,120.2.12., (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin, dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
A. E. Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumatlar verib.
Hal-hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !